ABŞ-da kreditlə alınmış 2 milyona yaxın avtomobil məsafədən blok funksiyası ilə təchiz olunub. Bu üsulla banklar kreditlərini vaxtında ödəməyən məsuliyyətsiz avtomobil sahibləri ilə mübarizə aparmağa başlayıblar.
ABŞ-da mühərrikin distant blok edilməsi sistemi ilə təchiz olunmuş avtomobillərin sayı artmaqdadır. Bu kimi qurğuların müsbət cəhətləri olsa da, onlardan qanuni istifadə məsələsi sual altındadır. Belə ki, avtomobilin blok edilməsi ciddi yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
“The New York Times” qəzetinin bildirdiyinə görə, əgər avtomobil sahibinin kredit borcu varsa, belə olan halda maşında quraşdırılmış aparat işıq və səs siqnalları vasitəsilə ödənişin edilməli olduğu haqda xəbərdarlıq edir. Kreditorun qərarından asılı olaraq o, maşının motorunu məsafədən söndürə bilər. Bu əməliyyat istənilən vaxt həyata keçirilə bildiyi üçün sürücünü çıxılmaz vəziyyətdə qoya da bilər. ABŞ-da avtomobil hərəkət etdiyi zaman sistemin aktiv edilməsi nəticəsində artıq bir sıra insidentlər qeydə alınıb.
cnews.ru saytının verdiyi xəbərə görə, bəzi “ölüm düymələri” GPS-modullarla komplektləşdirilir ki, onun vasitəsilə kreditorlar avtomobillərin yerləşdiyi yeri izləyə və şəhərin daha təhlükəsiz yerlərində söndürə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.