AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunması problemləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.
Seminarda şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iqtisadiyyatın müasir inkişaf istiqamətləri, elm, informasiya, bilik və İKT-yə əsaslanan iqtisadiyyat, qlobal innovasiya indeksləri, texnoloji innovasiya iqtisadiyyatının formalaşdırılması haqqında məlumat verərək mövzunun aktuallığını əsaslandıran milli və beynəlxalq sənədləri təqdim etdi.
Bildirdi ki, hazırkı iqtisadiyyat bilik, yüksək texnologiya və innovasiyaların tətbiqi ilə formalaşır və inkişaf edir. Ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid baş verir. Texnoloji innovasiya əsasında iqtisadiyyatın müasirləşdirilməsi həyata keçirilir. İqtisadiyyatın səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq, eləcə də yüksək texnologiyalar sektorunun inkişafı, süni intellekt və robotlaşdırma, bio, nano, informasiya-kommunikasiya, kosmik və s. kimi yeni sferaların formalaşması yeni iqtisadiyyatın əsas xüsusiyyətlərindəndir. Respublikada qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatda neft-qaz ehtiyatlarının ixracından mövcud asılılığı aradan qaldırmaq, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişaf etdirmək və təkmilləşdirilmək, dünya enerji bazarları ilə inteqrasiya əlaqələrini gücləndirmək yeni formalaşan informasiya və biliklər iqtisadiyyatının yeni hədəflərindəndir.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri haqqında məlumat verən Ə.Əliyev həmin yol xəritələrindən irəli gələn əsas vəzifələr, məqsəd və hədəflər, prioritet istiqamətlər, eləcə də qlobal və regional kontekstdə Azərbaycan iqtisadiyyatına təsirlər barədə danışdı. Ə.Əliyev qeyd etdi ki Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi güclərin Asiyaya doğru yerdəyişməsi, dəyişən geosiyasi konfiqurasiya, neft-qaz qiymətləri, texnoloji innovasiyaların təsirləri kimi qlobal meyllərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf edəcək.
Ə.Əliyev iqtisadiyyatın yeni sahələrinin formalaşması və inkişaf etdirilməsindən danışaraq bildirdi ki, Big Data, bulud texnologiyaları, mobil texnologiyalar, proqram mühəndisliyi və sənayesi, kontent, kosmik, “Əşyaların İnterneti” və kiber-fiziki sistemlər iqtisadiyyatı və s. kimi yeni sahələr formalaşır və inkişaf edir. Məruzəçi həmin sahələrin ümumi iqtisadi inkişafa təsirinin qiymətləndirilməsinin zəruriliyini və həmin istiqamətdə elmi araşdırmaların davam etdirilməsinin vacibliyini vurğuladı.
Daha sonra institutun böyük elmi işçisi Roza Şahverdiyeva çıxış etdi. O, dördüncü sənaye inqilabının elmi-texnoloji yenilikləri və xüsusiyyətləri, innovasiyanın növləri və təsnifatı, innovasiyaların informasiya mənbələri barədə məlumat verdi. Qeyd etdi ki, sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı ardıcıl və sistemli islahatlar innovasiyalı inkişafin əsas göstəriciləridir.
İnnovasiya strukturlarının formalaşma məqsədləri və fəaliyyət xüsusiyyətləri haqqında danışan məruzəçi innovasiya strukturunun əsas elementi hesab olunan texnoparklar və onların formalaşma məqsədlərindən, eləcə də fəaliyyət xüsusiyyətlərindən bəhs etdi, innovativ vəziyyəti xarakterizə edən monitorinq sisteminin göstəricilər bazasını təqdim etdi.
Onun sözlərinə görə, Avropa İnnovasiya Qiymətləndirmə Cəmiyyəti 27 göstəricini özündə cəmləşdirən insan resursları, investisiya, innovasiya aktivliyi kimi göstəricilər qrupunu təhlil edib: “2019-cu ildə Qlobal İnnovasiya İndeksinin hesabatı üzrə 130-a yaxın ölkə sırasında Azərbaycan 84-cü reytinqlə (0–100) şkalasında 30.21 bala malik olub”.
“İnformasiya iqtisadiyyati – İKT-yə əsaslanan müasir innovativ dövrün iqtisadiyyatıdır”, – deyə bildirən R.Şahverdiyeva texnoloji innovasiyanın mahiyyətindən bəhs edərək iqtisadiyyatın sektorları, cəmiyyətin iqtisadi inkişaf mərhələləri və nəzəriyyələri, ənənəvi iqtisadiyyat sahələri və onun informasiya, bilik, texnoloji, innovasiya tutumlu altsahələri haqqında ətraflı məlumat verdi.
Sonda Ə.Əliyev qeyd etdi ki, 2025-ci ilədək iqtisadiyyatın, o cümlədən telekommunikasiya və İKT sektorunun perspektivinə nail olmaq üçün infrastruktur gücləndirməli, e-xidmətlər genişləndirilməli, bütün tərəflər bu xidmətlərdən istifadəyə təşviq edilməlidir. Onun sözlərinə görə, bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə texnoloji innovasiyaların və istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində respublikanı, regionun aparıcı texnologiya əsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir.
Sonra məruzə ətrafında müvafiq suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.