Akustik küy monitorinq şəbəkəsinin ətraf mühitin ekoloji monitorinq şəbəkəsinin tərkib hissəsi kimi rolu araşdırılıb

31 Oktyabr 2019 - 11:15 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin cari il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirdi ki, il ərzində rəhbərlik etdiyi şöbədə Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi istiqamətində tədqiqatlar aparılıb. Bu məqsədlə akustik küy monitorinq şəbəkəsinin (AKMŞ) ətraf mühitin ekoloji monitorinq şəbəkəsinin tərkib hissəsi kimi rolu araşdırılıb, akustik küy çirklənməsi və monitorinqi məsələlərinə aid beynəlxalq və milli qanunvericilik bazasının monitorinqi aparılıb, AKMŞ-in arxitektur və təşkilati-idarəetmə strukturu üzrə problemlərin bir sıra aspektləri üzrə araşdırmalar davam etdirilib.

Şöbə müdiri qeyd etdi ki, cari ildə “Elektron tullantılar (ET) problemlərinin analizi və onların həlli yolları” mövzusunda tədqiqatlar aparılıb, ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər araşdırılıb, ET idarəçiliyi üzrə dünya təcrübəsi, eləcə də Azərbaycanda mövcud vəziyyətin monitorinqi və Avropa İttifaqı ilə müqayisəli analizi aparılıb. Bununla yanaşı, ET-nin müasir idarəetmə modellərinin əsaslandırılması və Azərbaycanda ET idarəetmə sisteminin yaradılması üzrə təkliflər işlənilməsi ilə bağlı işlər görülüb.

B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda ET problemlərinin analizi və onların həlli istiqamətində təkliflər işlənib, eləcə də AR Dövlət Neft Şirkətinin Elm Fondunun bir sıra qrant layihələrində iştirak edilib.

Məruzəçi elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin КİV-də təbliği, İKT üzrə gənc kadrların hazırlanması və s. ilə bağlı görülmüş işləri də diqqətə çatdırdı.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi istiqamətində işlərin sürətləndirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.