“Uber” şirkəti “Forbes Under 30 Summit” konfransında “Uber Eats” xidmətindən istifadə etməklə qidanın çatdırılması üçün yeni dron-konvertoplan layihəsini təqdim edib.
Təqdim olunan dron qeksakoptera və konvertoplan sxemi üzrə fəaliyyət göstərəcək. Aparat şaquli uçuş, həmçinin təyyarə kimi eniş edəcək. Qurğu, eyni zamanda həm təyyarə, həm də vertolyot kimi uçmaq imkanına malik olacaq.
hightech.fm saytının məlumatına görə, pilotsuz təyyarə restoranlardan qidanı götürərək sürücünün toplaşdığı, kuryer tərəfindən götürülüb müştəriyə çatdırılmalı olan yerə aparacaq.
Dronun yükqaldırma qabiliyyəti hələ dəqiqləşdirilməyib. “Uber” nümayəndələrinin sözlərinə görə, o, iki nəfər üçün şam yeməyini çatdıra biləcək. Qurğunun batareyası sifarişin yüklənməsi və boşaldılması vaxtı da daxil olmaqla uçuşun səkkiz dəqiqəsi üçün kifayət edir. Bu müddət ərzində dron 19 kilometr uça biləcək.
Pilotsuz təyyarənin sınağına 2020-ci ilin yazında San Dieqoda başlanılacaq. Gələcək xidmətin digər xüsusiyyətləri barədə hələ ki, məlumat verilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.