İnternetin yaranmasından 50 il ötür

30 Oktyabr 2019 - 12:33 | İnternet-50
İnternetin yaranmasından 50 il ötür

İnternet dünyanı hiper əlaqəli “qlobal kənd”ə çevirən qlobal şəbəkə sistemidir.

Bir əsr bundan əvvəl dünyanın müxtəlif ərazilərində insanların bir-biri ilə əlaqə qurması qeyri-mümkün görünürdü. Həmin dövrdə radio yeni texnologiya kimi insanların diqqət mərkəzində idi. Telefondan çox az istifadə olunurdu. Analoq xətlər əlaqəni çətinləşdirirdi. Bu səbəbdən keyfiyyət bugünkü genişzolaqlı keyfiyyətdən tamamilə uzaq idi.

İnternet kompüter - informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da başlanmışdır. İlk olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompüter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kalifoniyada yerləşən iki TX-2 və Q-32 markalı kompüterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompüter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.

1969-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perespektiv Araşdırmalar İdarəsinə dəvət alan Roberts müasir İnternetin sələfi hesab edilən ilk kompüter şəbəkəsinin planını hazırladı və 1969-cu ilin yanvar ayının 2-də sonradan ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anjeles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. 

ARPANET ilə İnternet texnologiyası bütün dünyada milyonlarla istifadəçi üçün əlçatan texnologiyaya çevrildi. İnternet haqqında daha bir maraqlı məlumat odur ki, onun bir ixtiraçısı yoxdur. Texnologiya həvəskarlarının böyük maraq göstərdikləri, böyük səylə iştirak etdikləri bu yenilik bütün dünya üçün kollektiv layihə idi.

80-cı illərin axırlarında İnternetlə əlaqə yaratmaq istəyənlər modemdən istifadə etməyə başladılar. Modem (modulyator-demodulyator) – fərdi kompüteri İnternetə qoşmaq üçün istifadə edilən, kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektron siqnallarını analoq (səs) formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu kompüter yalnız rəqəm, telefon xətti isə – analoq siqnalları ilə işləməsi ilə əlaqədardır. Rəqəm siqnallarının analoq formasına çevirmək prosesi texnikada modulyasiya, əks istiqamətdə çevirmə isə demodulyasiya adlanır. Modem əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarci modemlər isə ardıcıl Com portuna qoşulur.

Zaman keçdikcə İnternet öz əhatə dairəsini genişləndirdi. GoogleYahooBing kimi axtarış sistemləri İnternetin istifadəçi bazasını artıran böyük bir irəliləyiş hesab olunurdu.

1994-cü ildə Yahoo!” yarandı və bu, İnternet tarixində əlamətdar hadisə oldu.

4 il sonra İnternet tarixində ən böyük mərhələ başladı. “Google” şirkəti Larry Page və Sergey Brin tərəfindən təsis olundu. Bununla da İnternetin bugünkü durumunun əsası qoyuldu.

Azərbaycan Respublikasında İnternet şəbəkəsinin qurulması EARN (European Academic & Research Network-Avropa Elm və Tədqiqat şəbəkəsi) təşkilatının AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan qovşağının yaradılması ilə başlandı.

Azərbaycan Respublikasında ilk dəfə 1991-ci ildə Beynəlxalq “Sovam Teleport şəbəkəsinə qoşulmaqla elektron poçt xidmətinin Azərbaycan məntəqəsi yaradılmışdır. Bu poçt xidməti AMEA-nın institut və təşkilatlarına, bir çox dövlət müəssisələrinə “Sovam teleport, “EARN, “BİTNET, “RELCOM, “İASNET” və s. kimi beynəlxalq kompyuter şəbəkələrinin xidmətlərindən istifadə etməyə imkan yaratdı.

1991-ci ildə bu şəbəkə əsasında AMEA Rəyasət Heyətinin binasını və İnformasiya Texnologiyaları İnstitutunun lokal şəbəkələrini özündə birləşdirən  beynəlxalq İnternet şəbəkəsinə qoşulmasını təmin edən TCP/IP texnologiyaları əsasında AzScienceNet şəbəkəsinin I Azərbaycan qovşağı yaradıldı.

1995-ci ildə AMEA-nın Əsas binasında AzScienceNet şəbəkəsinin II Azərbaycan qovşağı yaradılmışdır. I və II qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqə yaradılması nəticəsində Respublikada ən geniş infrastruktura malik kompyuter şəbəkəsi fəaliyyətə başladı.

Azərbaycan Respublikasında ilk veb-sayt AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı altında 1995-ci ildə yaradıldı və AzScienceNet şəbəkəsinin serverlərində yerləşdirildi.

www.ab.az saytı əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və infrastrukturuna uyğun olaraq yenidən işlənərək www.science.az (www.elm.azwww.nauka.az) portalı adlandırıldı və 24 sentyabr 2003-cü ildə daimi istismara verildi.

www.science.az portalı Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasının təmin edilməsi, müxtəlif elm sahələrində çalışan alimlərimizin xarici həmkarları ilə bilik, informasiya mübadiləsi aparması, əldə etdikləri elmi nailiyyətləri bölüşməsi, elmi, elmi-pedaqoji, elmi-texniki əlaqələrin yaradılması və s. məqsədi daşıyır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

2011-ci ilin sonlarında AzScienceNet şəbəkəsi əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA Mərkəzi (data-center) yaradıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.