Milli terminoloji sistemin idarə edilməsi məsələləri müzakirə olunub

30 Oktyabr 2019 - 12:06 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

“Milli terminoloji sistemin idarə edilməsi məsələləri” adlı məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko milli terminologiya sisteminin terminoloji idarəçiliyi, sistemin tətbiqi, idarəetmə quruluşu haqqında ətraflı məluamt verdi. Bildirdi ki, terminologiyanın idarəolunması terminlərin düzgün istifadəsini təmin edən hərəkətlər toplusudur.

Məruzəçi, terminologiyanın idarəolunması strukturunu təqdim edərək onun terminologiyanın çıxarılması, lüğət məqalələrinin yaradılması, sözlərin  və terminoloji bazanın konkret predmet sahəsinin mütəxəssisləri tərəfindən yoxlanılması və təsdiq edilməsi kimi mərhələrinin olduğunu vurğuladı. Məruzəçi terminologiyanın idarəolunmasının üstünlüklərindən danışaraq onun təklif, yoxlama, təsvir, digər dillərin əlavə edilməsi, təsdiq, nəşr, yenilənmə proseslərindən ibarət olduğunu bildirdi.

Onun sözlərinə görə, milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə olunmasında yazının vizual formatı üçün milli terminoloji sistem məlumatların sürətli əldə edilməsinə kömək etməlidir.

S.Fomenko qeyd etdi ki, milli terminoloji sistem konsepsiyasını həyata keçirmək üçün təşkilati planın ən vacib məsələlərindən biri sistemdə məlumat idarəetmə sisteminin yaradılmasıdır: “Terminoloji idarəetmə sistemi terminoloji məlumatların toplanması, saxlanması və daxil olması üçün tərcüməçilər, terminoloqlar və digər istifadəçilər tərəfindən istifadə olunan xüsusi olaraq hazırlanmış proqram vasitəsidir”.

Sonda məruzəçi terminoloji tövsiyələrin terminoloji işlərdə iştirak edən bütün tərəflərin ardıcıl yanaşmasını təmin etmək üçün əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, onlar dil xidmətində terminoloji iş metodologiyasını və bazanın təqdim edilməsi, eləcə də onlara xidmət göstərmə prosesini qururlar. Bu da razılaşdırılmış keyfiyyət standartlarında terminoloji qeydlərin eyni məlumatların daxil edilməsini və hesabat qaydalarına uyğunluğunu təmin edir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.