“Elmdə idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyi sahəsində beynəlxalq təcrübə” mövzusu müzakirə edilib

28 Oktyabr 2019 - 11:34 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev seminarın “Elmdə idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyi sahəsində beynəlxalq təcrübə” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Səlminaz Davudova e-elm mühitində idarəetmə qərarlarına dəstək məsələlərinin həllində informasiya dəstəyinin təmin olunması üçün mövcud informasiya sistemləri və informasiya resurslarının vahid sistemdə inteqrasiyası və onun əsasında idarətmə qərarlarının qəbulu üçün hesabatların hazırlanmasının mühüm məsələlərdən biri olduğunu bildirdi.

Məruzəçi elmi tədqiqat müəssisələrinin həyata keçirdiyi və maliyyələşdirilən elmi tədqiqatların kontekstual metaverilənlərinin saxlanması, mübadiləsi və idarə olunması məqsədilə yaradılmış beynəlxalq informasiya sistemi “CRİS” (Current Research İnformation System), onun arxitekturası, eləcə də iş prinsipi haqqında ətraflı məlumat verdi.

O, Norveç araşdırmaları haqqında informasiya toplayan və məlumatlandıran, tədqiqat məlumatlarının yenidən istifadəsini asanlaşdırmaqla tədqiqatın inzibati məsələlərini sadələşdirən Norveçin milli tədqiqat üzrə məlumat sistemi olan “CRİSTİN” barədə danışdı. Məruzəçi “CRİSTİN” sisteminin əsas göstəricilərini, sistemdə layihə üzrə sorğunun təşkilini və layihə haqqında əldə olunan informasiyanı diqqətə çatdırdı.

S.Davudova Böyük Britaniyanın Tədqiqat və İnnovasiya (UK Research and Innovation, UKRI) təşkilatının təcrübəsi barədə məlumat verərək təşkilat tərəfindən yaradılmış “Gateway To Resarch” veb-saytı haqqında danışdı, onun dövlət tərəfindən maliyyələşdirilən tədqiqatlar haqqında məlumatların axtarışı və təhlil edilməsi imkanlarından bəhs etdi.

Məruzəçi Rusiya Elmlər Akademiyasının 450 elmi tədqiqat müəssisəsinin elmi tədqiqatları haqqında məlumatların toplanması və elmi tədqiqatların qiymətləndirilməsi məqsədilə yaradılan milli “RAS CRİS” sistemi, onun arxitekturası, sistemin əsas göstəriciləri, eləcə də tərkib hissələri və əlavə imkanlarını diqqətə çatdırdı.

S.Davudova elmin idarə olunmasına dəstək sisteminin strukturu, elmi fəaliyyətin nəticələrinin həmmüəlliflər və şöbələrlə əlaqəsi, elmin informasiya təminatı hesab olunan informasiya sistemləri və e-resurslar barədə ətraflı məlumat verdi.

Məruzəçi sonda qeyd etdi ki, elm sahəsində idarəetmə qərarlarının qəbuluna informasiya dəstəyi sahəsində beynəlxalq təcrübənin araşdırılması aktual məsələdir və ölkəmiz üçün elmi aktivliyi, elmi fəaliyyətin effektivliyini xarakterizə edən məlumatları özündə saxlayan vahid informasiya sisteminin yaradılması zəruridir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.