Oktyabrın 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Rus Coğrafiya Cəmiyyətinin ənənəvi “Coğrafi imla” beynəlxalq maarifləndirmə aksiyası keçirilib.
MDU-nun Bakı Filialında üçüncü dəfədir təşkil edilən bu tədbirdə iştirakçılar üçün bütün zəruri şərait yaradılıb, texniki cəhətdən yüksək səviyyədə təchiz edilmiş auditoriyalar ayrılıb. Tədbir məktəblilər, tələbələr, habelə müxtəlif nəsildən olan insanlar və ayrı-ayrı ixtisas sahibləri tərəfindən böyük maraqla qarşılanıb. “Coğrafi imla”ya M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri moderatorluq ediblər. İmlanın iştirakçıları və moderatorları tədbirin yüksək səviyyədə təşkil edildiyini və layihənin reallaşdırılmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar.
İmlanın moderatorlarından biri - M.V.Lomonosov adına MDU-nun Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko deyib: “Coğrafi imla” nəinki beynəlxalq miqyasa malik hadisədir, həm də bu sahədəki yenilikləri və maraqlı olanları öyrənməyə, dünyagörüşünü genişləndirməyə imkan yaradan maarifləndirici tədbirdir. “Coğrafi imla” böyük uğur qazanıb. Bunu tədbirə gələnlərin sayının artması da göstərir. Məktəblilər, tələbələr, orta və hətta yaşlı nəsildən olan insanlar bu tədbirə böyük həvəslə qoşulurlar. Düşünürəm ki, “Coğrafi imla”nı hər il keçirmək lazımdır”.
Qeyd edək ki, “Coğrafi imla”da yaşından, sosial mənsubiyyətindən, dinindən və vətəndaşlığından asılı olmayaraq hər kəs iştirak edib. Ən gənc iştirakçı 11, ən yaşlı iştirakçı 75 yaşında idi.
MDU-nun Bakı Filialında keçirilən tədbirdə imla başlanmazdan əvvəl nümayiş etdirilən Rus Coğrafiya Cəmiyyətinin videomaterialları böyük maraqla qarşılanıb.
İmla başlanmazdan əvvəl hər bir iştirakçıya imlanı yazmaq üçün blank, tapşırıqların mətni yazılmış blank paylanıb. İmlanın hər variantı 40 sualdan ibarət olmaqla çətinlik dərəcəsinə görə fərqlənən iki hissədən ibarətdir. Birinci hissə baza səviyyəsində (“coğrafi likbez”) 10 sualdan ibarət olub. Bu hissə coğrafiya haqqında hamıya məlum olan faktlar əsasında tərtib edilib. İkinci hissə (30 sual) iştirakçıdan obrazlı düşünmə, sistemli məntiq və erudisiya tələb edib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ümumilikdə 60 (15 dəqiqə - təlimatlandırma, 45 dəqiqə imla üçün) dəqiqə ayrılıb.
İmlanın tapşırıqlarının işlənib hazırlanmasında və yoxlanmasında coğrafiya üzrə və intellektual oyunların yaradılması sahəsində mütəxəssislər iştirak edirlər.
İmlanın nəticələri http://dictant.rgo.ru saytında yerləşdiriləcək. Hər bir iştirakçı 11 işarəli eyniləşdirmə nömrəsinə əsasən 2019-cu il noyabrın 29-da öz nəticəsini öyrənə biləcək.
1845-ci ildə yaradılmış Rus Coğrafiya Cəmiyyəti coğrafiya və digər əlaqəli elmlər sahəsində mütəxəssisləri, habelə entuziast səyahətçiləri, ekoloqları, ictimai xadimləri bir araya gətirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.