ABŞ-ın İllinoys ştatında yerləşən Şimal-Qərb Universitetinin mütəxəssisləri “HARP” (high-area rapid printing – böyük sahədə sürətli çap) 3D-çap texnologiyasını təqdim ediblər. Altlığının sahəsi 2322 kv.sm, maksimal hündürlüyü 4 m olan printer 50 sm/saat sürətlə çap edə bilir ki, bu da 2-3 saat ərzində, məsələn, bir insanın tam ölçülü fiqurunu yaratmağa imkan verir.
techcult.ru saytının məlumatına görə, qurğunun işi stereolitoqrafiya texnologiyasına əsaslanır. Bu zaman əridilmiş maye qatran ultrabənövşəyi işığın təsiri altında bərkiyir. Bu texnologiya təxminən 4 il əvvəl meydana çıxıb və əsas çatışmazlığı qatranın çox qızması idi. Çapın sürəti nə qədər yüksəkdirsə, şüalanma o qədər intensiv, enerji sərfiyyatı da o qədər yüksəkdir və yeni yaranmış fraqmentlərin soyuması üçün vaxt azdır. Həddindən artıq qızmış struktur isə deformasiyaya və dağılmağa meyllidir.
Amerikalı tədqiqatçılar “maye teflon”un (ultrabənövşəyi şüa yolunda şəffaf boru vasitəsilə axan mayenin yapışmayan analoqu) tətbiqi şəklində həll tapıblar. Maye istiliyin çox hissəsini alır və onu soyudan kontura aparır, qatran isə şüanın altında bərkiyir. Belə konstruksiya hələ də çox enerji sərf edir, lakin artıq çox qızmır. Artıq istilik enerjisini çıxarmaq üçün “HARP” texnologiyası daha qənaətcil ola bilər.
“HARP”ın daha bir üstünlüyü də çap prosesinin dəqiqliyidir. 3D-printerlərdən fərqli olaraq, böyük detallar üçün o, yüksək ayırdetmə dəqiqliyinə malik çertyojlardan istifadə edir. Bu səbəbdən məmulatlar dərhal son formanı alır və əlavə emal tələb etmir. İstehsalçılar iddia edirlər ki, qurğunun köməyilə o qədər çox və sürətli çap etmək mümkün olacaq ki, bu, müxtəlif sənaye sahələri üçün böyük komponentlərin istehsalında rəqabət yaradacaq. Texnologiya növbəti 18 ay ərzində bazara daxil olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.