San-Dieqodakı Kaliforniya Universitetinin mühəndisləri yığcam, portativ və çoxfunksiyalı yumşaq robotların yaradılması üsulunu hazırlayıblar. Bu, hərəkətlərinə elektrik cərəyanının köməyi ilə nəzarət edilən, müxtəlif cihazlara asanlıqla birləşdirilən boruşəkilli qurğuların yaradılması nəticəsində mümkün olub.
San-Dieqoda yerləşən Kaliforniya Universitetinin mühəndisləri yeni tədqiqatda elektrik cərəyanı ilə idarə olunan yumşaq qurğular yaradıblar.
nanonewsnet.ru saytının məlumatına əsasən, qurğular robotlarda süni əzələlərin istehsalında istifadə olunan maye kristal elastomer materialdan hazırlanıb.
Hər bir qurğunu qurmaq üçün mühəndislər maye kristal elastomerin iki incə nazik pərdəsi arasında üç isinən məftil sıxıblar. Sonra material boruya burularaq əvvəlcədən dartılıb və ultrabənövşəyi işığın təsirinə məruz qalıb. Qurğuları altı fərqli istiqamətə əymək üçün hər bir qızdırıcı məftilə müstəqil nəzarət etmək mümkündür. Elektrik cərəyanı bir və ya iki məftildən keçdikdə borunun bir hissəsini qızdırır və bu onun qurğular istiqamətində əyilməsinə səbəb olur.
Cərəyan hər üç məftil vasitəsilə ötürüldükdə bütün boru sıxılır, uzunluğu azalır. Elektrik kəsildikdə isə boru yavaş-yavaş soyuyur və ilkin formasına qayıdır.
Bir neçə qurğunun birləşməsi mühəndislərə müxtəlif növ yumşaq robotlar yaratmağa imkan verib. Onlar ayaqlara bənzər dörd qurğudan istifadə edərək gəzən robot hazırlayıblar. O, kiçik daxili litium-polimer batareya ilə təchiz edilib.
Hər bir robot daxili mikrokontrollerə malikdir. Bu da robotların sərbəst hərəkət etməsinə imkan verir .
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.