Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıblar.
Proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib: “Uşaqlarda son zamanlar mobil telefonlara, elektron qurğulara həddindən çox maraq yaranıb. Onların bundan səmərəli istifadə etməsi, maariflənməsi üçün bu kimi oyunlar valideynlərə kömək edəcək. Qonşu ölkələrdə bu sahədə mobil oyunların azlıq təşkil etdiyini öyrəndikdən sonra “İQ bala” “İQ uşaq” proqramını hazırlamaq qərarına gəldik”.
A.Tapiyev bu proqramın yaradılması ideyasının Qazaxıstanın latın qrafikalı əlifbaya keçdikdən sonra ölkədə qazax dilində keyfiyyətli proqramların olmamasından irəli gəldiyini bildirib. Mütəxəssis deyib ki, qazax və Azərbaycan dillərinin oxşarlığı işin gedişatını daha da asanlaşdırıb. Oyunun test variantı artıq hazırdır. Yaxın iki həftə ərzində proqramın tam versiyası istifadəyə veriləcək.
Onun sözlərinə görə, pulsuz proqram hər kəsin istifadəsi üçün açıq olacaq. Proqram bir yaşından yuxarı, yəni danışmağa başlayan uşaqlar üçün nəzərdə tutulub. Məqsəd onlarda doğma dil biliklərinin daha da təkmilləşdirilməsidir.
Oyunda müxtəlif mövzular üzrə test sualı mövcuddur. Oyunçular smartfonlarından ayrılmadan öyrənmək və əylənmək imkanı qazanacaqlar. Oyunda insan bədəni, rənglər, heyvanlar aləmi kimi mövzular uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına fokuslanıb.
Proqramın Azərbaycan dilinə tərcüməsini Nur-Sultan şəhərinin Linqvistika məktəbinin rəhbəri və müəlliməsi Nərgiz Kərəmova həyata keçirib. O deyib: “Azərbaycan dili çox zəngindir, buna görə də “QazNat” şirkəti proqramın tərcüməsi üçün müraciət edəndə çalışdım uşaqların anlayacağı və yadda saxlaya biləcəyi sözlərdən istifadə edim”.
Qeyd edək ki, 10 günə başa gələn tərcüməni həmin məktəbin şagirdi Ümid səsləndirib.