Geyim ölçüsünün təyini üçün bədənin rəqəmsal modelini yaradan skaner

09 Oktyabr 2019 - 12:53 | Texnoloji yeniliklər
Geyim ölçüsünün təyini üçün bədənin rəqəmsal modelini yaradan skaner

Ötən il “TG3D Studio” şirkəti geyim ölçüsünün dəqiq təyini üçün bədənin rəqəmsal modelini yaradan “Scanatic 360” skanerini təqdim etmişdi. Yeni adı “Virtual Try-On” olan qurğu daha yüksək dəqiqlikli skanların əldə edilməsi üçün təkmilləşdirilib. Layihənin həmtəsisçisi Rik Yunun sözlərinə görə, daha yığcam olan skaner artıq xüsusi çamadana yerləşir.

Virtual ölçməni həyata keçirmək üçün qeyd edilmiş sahədə dayanmaq, gəzişmək, sonra düz dayanaraq, əlləri uzatmaq və yumruqları sıxmaq lazımdır. Rik Yu ölçmə üçün dar geyimdən istifadə etməyi məsləhət görür. Nəticələrin hesablanmasına cəmi 3 saniyə sərf olunur.

techcult.ru saytının məlumatına görə, bədənin rəqəmsal modeli yaradıldıqdan sonra proqramın köməyilə müxtəlif geyimlərə onun üzərində baxmaq olar ki, bu da istifadəçiyə həmin geyimdə necə görünəcəyini təsəvvür etməyə imkan verir. Şirkət nümayəndələri bildirirlər ki, dizaynerlər və geyim istehsalçıları orijinal dizaynın dəqiq təyini üçün eyni skan etmə texnologiyasından istifadə edə bilərlər. Bu texnologiya yalnız geyimin görünüşünü deyil, həm də siluet və parçanın teksturunu təsəvvür etməyə imkan verir.

Bu skanerlərin fərdi istifadə üçün nəzərdə tutulmadığı da qeyd olunub. Güman olunur ki, yeni qurğulardan daha çox modellik agentlikləri və dizaynerlər istifadə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.