“Apple” geyimləri sahibinin sağlamlığına nəzarət edəcək

09 Oktyabr 2019 - 10:13 | Texnoloji yeniliklər
“Apple” geyimləri sahibinin sağlamlığına nəzarət edəcək

“Apple” şirkəti sağlamlığın monitorinqi üçün tənzimləyicilərlə təchiz edilmiş yumşaq dartılan zolağı təsvir edən patent üçün müraciət edib. Qadcet parçaya hörülmək üçün nəzərdə tutulub. Şirkət həyati izləmə texnologiyalarını bilavasitə əhəmiyyətli funksiyalar ilə geyimə birləşdirməyi planlaşdırır.

hightech.plus saytının məlumatına əsasən, hazırda “ağıllı” saat “Apple Watch” nəbzi ölçmək və kardioqram çəkmək imkanına malikdir. Bu funksiyaların “ağıllı” geyimə də köçürülməsi ehtimal olunur. Digər mümkün funksiyalara qan təzyiqi, nəfəs tezliyi, eləcə də qanda şəkər və oksigen səviyyəsinin ölçülməsi daxildir.

Müraciətə əsasən, “ağıllı” geyim məlumatların yoxlanılması və sinxronlaşdırılması üçün simsiz rabitə vasitəsi ilə başqa qurğuya qoşulacaq. Mütəxəssislər bu cihazların yeni “iPhone” və “Apple Watch” modelləri olacağını güman edirlər.

Uzana bilən material sayəsində parçaya toxunan izləyici məlumatları effektiv oxumaq üçün daim dəri ilə təmasda olacaq. “Ağıllı” paltarların dar və ya boş olacağı hələ məlum deyil. Patent, bu paltarların elektron komponentlərini çıxarmadan onu yumaq üçün kifayət qədər davamlı olmasını təklif edir.

Mütəxəssislərin fikrincə, “ağıllı” geyimlər “Apple Watch”dan sonra sağlamlığın daimi monitorinqi üçün qurğuların yaradılması istiqamətində növbəti addım olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.