“Ağıllı onurğa” insanları iflicdən xilas edəcək

07 Oktyabr 2019 - 11:40 | Texnoloji yeniliklər
“Ağıllı onurğa”  insanları iflicdən xilas edəcək

Onurğa beyin travması olan insanlara hərəkət və hiss etmək qabiliyyətini qaytarmaq imkanına malik olan avtonom implant yaratmaq layihənin əsas hədəfidir.

Ciddi onurğa travmaları zamanı beyindən gələn impulslar əzələlərə çatmadığı zaman iflic baş verir. Təəssüf ki, insan orqanizmi zədələnmiş sinir liflərini müstəqil şəkildə bərpa etmək imkanına malik deyil. “Intel” şirkəti bunu aradan qaldırmaq üçün  müasir texnologiyalardan istifadə etməyin zəruriliyindən əmindir.

“Intel” şirkəti Braun Universitetinin tədqiqatçılar ilə birgə hərəkət məhdudluqları və onurğa travmalarından sonra nəzarəti bərpa etmək imkanına malik olan intellektual interfeysin yaradılması üzrə ikiillik layihə hazırlayıb. Layihədə Rod-Aylend xəstəxanasının həkimləri, eləcə də onurğa beyninin yüksək dəqiqlik stimulyasiyası texnologiyasını hazırlayan “Micro-Leads Medical” şirkətinin əməkdaşları iştirak edəcəklər.

hightech.plus saytının məlumatına əsasən, implant ilk mərhələdə şifrəli impulsların açılması üçün xarici kompüter sistemindən istifadə edəcək. Gələcəkdə onun tamamilə avtonom olması gözlənilir.

Tədqiqatçılar bildirir ki, onurğa beyin zədələri olan könüllülərə daxil ediləcək xüsusi implantlarda süni intellekt əsas rola malik olacaq. Qurğu motorlu və sensor siqnalları götürərək zədələnmiş sahədən keçib onları ötürəcək.

Qeyd edək ki, süni intellekt yalnız onurğa beyin zədəsi olan xəstələrə deyil, xroniki bel ağrısından əziyyət çəkən insanlara da kömək etmək imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.