Yeni proqram sifətin şəkli üzrə göz xəstəliklərini erkən mərhələdə müəyyən edəcək

04 Oktyabr 2019 - 12:54 | Texnoloji yeniliklər
Yeni proqram sifətin şəkli üzrə göz xəstəliklərini erkən mərhələdə müəyyən edəcək

Beylor Universitetinin mütəxəssislərinin hazırladıqları “Cradle” adlı proqram istifadəçilərə göz xəstəliklərini erkən mərhələdə aşkarlamağa imkan verəcək.

Xidmət süni intellekt texnologiyalarının köməyilə sifətin şəkli üzrə retinoblastoma və katarakta kimi göz xəstəliklərinin əlamətlərini müəyyən edəcək.

hightech.fm saytının məlumatına görə, proqram müxtəlif yaşda olan insanlar üçün effektiv ola bilər. Ondan hələ görmə ilə bağlı problemlərini izah edə bilməyən kiçik uşaqlar və yaşlı insanların göz xəstəliklərini müəyyənləşdirmək üçün istifadə etmək mümkündür.

Süni intellekt 40 uşağın 53 min şəkli üzərində öyrədilib. 20 uşaqda müxtəlif göz xəstəlikləri aşkarlanıb. Sınaq zamanı texnologiya 16 uşaqda həkimlərin nəzərindən qaçan, erkən mərhələdə olan göz xəstəliklərini müəyyən edib.

“Cradle” hələ ki, ABŞ-ın Dərman preparatları və qida məhsullarının keyfiyyətinə nəzarət üzrə idarəsi (Food and Drug Administration – FDA) tərəfindən təsdiq olunmayıb. Bu səbəbdən nəticələr rəsmi diaqnoz kimi istifadə edilə bilməz.

Hazırda proqram “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri üçün əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.