“IBM”in süni intellekt alqoritmi danışığın 5 dəqiqəsi ərzində insan səsini yaradır

02 Oktyabr 2019 - 10:29 | Texnoloji yeniliklər
“IBM”in süni intellekt alqoritmi danışığın 5 dəqiqəsi ərzində insan səsini yaradır

“IBM” mütəxəssisləri nitqin sintezinin qənaətli metodunu hazırlayıblar. Alqoritm səsin müxtəlif aspektlərini öyrənir və kiçik həcmli məlumatlar üzərində danışıq tərzinə uyğunlaşır.

“IBM” şirkəti həmsöhbətin səsi ilə tanış olduqdan beş dəqiqə sonra istənilən mətni onun səsi ilə müstəqil tələffüz etmək imkanına malik olan yeni süni intellekt alqoritmini yaradıb.

Şirkətin verdiyi məlumata görə, yeni süni intellekt alqoritmi real zaman rejimində dialoqları qurmağa və müxtəlif danışıq tərzinə, eləcə də səs tembrlərinə uyğunlaşmağa qadirdir. İstehsalçılar qeyd edirlər ki, onlar modul arxitekturası əsasında neyron nitqin sintezi nəticəsində “real kompüter səsini yaratmaq” imkanını əldə ediblər.

infocity.az saytının məlumatına əsasən, sistem prosodiya (nitqin vurğu, intonasiya, intensivlik, temp və tembr kimi fonetik vahidləri çoxluğudur) funksiyasının prediktoru (proqnozlaşdırma üsulu), akustik xüsusiyyətlərin prediktoru və neyron vokoder (nitq sintezi cihazı) kimi üç tərkib hissəsindən ibarətdir.

Bu üç komponent danışan şəxsin tərzini müəyyən etməyə, həmçinin akustik təhrifləri nəzərə alaraq nitqin ucalığını və enerjisini tənzimləməyə imkan verir. Şirkətin məlumatına görə, neyroşəbəkə təlimi üçün həmsöhbətə yalnız beş dəqiqə qulaq asmaq kifayətdir.

Yeni səs sintezi texnologiyasının səslənmə nümunələri ilə “IBM Watson” saytında tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.