Akademik Rasim Əliquliyevə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim olunub

25 Sentyabr 2019 - 18:06 | Mühüm hadisələr

Sentyabrın 25-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilk öncə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalını AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə təqdim edib. AMEA-nın digər vitse-prezidentləri, akademiklər – İbrahim QuliyevTofiq NağıyevDilqəm Tağıyev və İradə Hüseynova, həmçinin tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi həmin medalla təltif ediliblər.

Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq olunub.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Fəxri fərmanları İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edilib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.