Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq ərazilərə ilk tibbi yardım vasitələrinin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəyə başlamağı planlaşdırır. Ümumilikdə 32 kvadrokopterin alınması nəzərdə tutulur.
Ətraf Mühitin Qorunması Nazirliyinin strukturuna daxil olan Milli Parklar Xidmətinin nümayəndələrinin sözlərinə görə, bir sıra üstünlüklərə malik olan dronların tətbiqi bəzən yardım göstərmək üçün yeganə imkan olur.
tass.ru saytının məlumatına görə, mobilliyə malik olan pilotsuz uçan aparatlar təyinat yerinə mürəkkəb dağlıq relyefi qət edən təcili yardım əməkdaşlarından daha tez gəlirlər. Bundan başqa, dron tibbi vertolyotun enə bilmədiyi yerə dərmanlar çatdıra bilir.
Bildirilir ki, uçan aparat dağlıq ərazilərdə olan turistlərə yardım göstərilməsi üçün təcili yardım çantası və defibrilyator ilə təchiz ediləcək. Qurğu yardıma ehtiyacı olanları GPS texnologiyası vasitəsilə tapır, infraqırmızı və istilik kameraları isə yaralının olduğu yeri dəqiq müəyyənləşdirməyə imkan verir.
İlk tibbi yardım vasitələrinin çatdırılması üçün dronlardan istifadənin effektivliyi Seul ətrafında yerləşən, dağ turizmini sevənlər arasında populyarlıq qazanmış Pukhansan parkında keçirilən sınaqlar zamanı yoxlanılıb. Buraya ilk dron nümunəsi 2018-ci ilin dekabrında təhvil verilib.
Bildirilir ki, pilotsuz uçan aparatların bir sıra sistemləri, o cümlədən GPS texnologiyası daha da təkmilləşdirilməlidir. Mövcud problemlərin həlli istiqamətində tədqiqatlar davam etdirilir. Son tədarük vaxtı tədqiqatların nəticələrindən asılı olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.