Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları xüsusi proqramın köməyilə rəngləri dəyişdirə bilən, proqramlaşdırılan “PhotoChromeleon” mürəkkəbini yaradıblar. Alimlər qeyd edirlər ki, bu, məhsul istehsalına sərf olunan xərcləri azaltmağa imkan verəcək, istifadəçilər isə müxtəlif rənglərdə geyimlər almadan hər gün öz obrazını dəyişdirə biləcəklər.
hightech.fm saytının məlumatına görə, alimlər oyuncaq, ayaqqabı, telefon, avtomobil və s. kimi predmetlərə vurulan mavi, tünd qırmızı və sarı fotoxromik boyaları məhlula qarışdırıblar. Sonra obyekt örtüklə birlikdə proyektor və ultrabənövşəyi işıq olan qutuya yerləşdirilir və burada öz rəngini dəyişdirə bilir.
İstifadəçilər rəngi və ya şablonu müxtəlif rənglərin aktivasiyası və deaktivasiyası üçün ultrabənövşəyi şüadan istifadə edən proqramda quraşdırırlar. Onlar təbii işıqlandırma altında saxlanır və istifadəçi dizayndan narazıdırsa, hər şeyi silmək və prosesə yenidən başlamaq üçün ultrabənövşəyi şüadan istifadə edə bilər. Avtomobil ölçüsündə obyektlər üçün bu prosesə 15-40 dəqiqə sərf oluna bilər.
“Xüsusi tipli boya bir çox fərdi dizayn variantını yaratmağa imkan verəcək. Bu, istehsalın səmərəliliyini yüksəldəcək və tullantıların həcmini azaldacaq”, – deyə layihə haqqında məqalənin aparıcı müəllifi İohua Cin qeyd edib.
Komanda mürəkkəbin yaradılması üçün əvvəl yaratdığı və 3D-çapın köməyilə rəngi dəyişdirməyə imkan verən “ColorMod” sistemindən istifadə edib. Lakin bu halda hər bir piksel ayrı-ayrılıqda çap edilirdi. Buna görə də son nəticə çox aşağı ayırdetmə dəqiqliyində idi. Piksellər yalnız iki vəziyyətdə ola bilirdi, rəng qamması məhdudlaşdırılmışdı. “PhotoChromeleon” mürəkkəbləri isə yüksək ayırdetmə dəqiqliyinə malikdir və geniş rəng seçimi ilə fərqlənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.