Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri araşdırılır

18 Sentyabr 2014 - 11:20 | Konfranslar, İclaslar
Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev 6 saylı şöbənin yarımillik hesabatını təqdim edib. O, şöbədə aparılan elmi araşdırmalarla bağlı çıxış edərək bildirib ki, "call-center"lərin audiobaza verilənləri əsasında operativ idarəedici qərarların qəbulu üçün iş göstəricilərinin aşkarlanması alqoritmi işlənib. Tədqiqat nəticələrinə əsasən, məqalənin hazırlanması və nüfuzlu xarici jurnallardan birinə təqdim edilməsi nəzərdə tutulur.

Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində tədqiqatların aparıldığını deyən B.Ağayev qeyd etdi ki, ölkəmizdə və Avropa İttifaqında elektron tullantıların idarə edilməsi problemlərinin müxtəlif aspektləri üzrə həlli vəziyyəti haqqında materiallar toplanır və analiz edilir.

Bildirdi ki, şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində SOCAR Elm fondu tərəfindən qəbul edilmiş “Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin yaradılması” mövzusunda qrant layihəsi üzrə mühüm işlər görülmüşdür.

Məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyyəli tədbirlərdə iştirak, dünyanın nüfuzlu, yüksək istinad indeksli elmi jurnallarında məqalələrin nəşri və elmi-təşkilati fəaliyyətə dair həyata keçirilən tədbirləri diqqətə çatdırdı.

O, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işləri çərçivəsində “Trend” informasiya agentliyində e-tullantılar problemi üzrə aparılan tədqiqatın nəticələri haqqında press-relizlərin nəşr etdirildiyini vurğuladı.

Sonda bir sıra təklif və tövsiyələr səsləndirildi, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.