“Second Sight Medical Products” şirkəti görmə qabiliyyətini itirmiş şəxsləri görmənin istənilən növü ilə (adi insan üçün əlçatmaz olan infraqırmızı görmə də daxil olmaqla) təmin edəcək implantatın prototipini yaradıb. Bu həll gözdən əlillərə kömək üçün ən perspektivli istiqamətlərdən biri kimi tanınıb.
techcult.ru saytının məlumatına görə, konsepsiya kifayət qədər sadədir. Belə ki, tam ölçülü bionik gözün quraşdırılması əvəzinə istifadəçiyə “birləşdirici” implantasiya edilir. Rəsmi olaraq, “vizual-kortikal protez Orion” adlanan implantat beyinin vizual informasiyanın emalı ilə məşğul olan hissəsinə qoşulur. İmplantat eynəyin qulpunda yerləşdirilmiş mikrokameradan siqnalları qəbul edir və onları dəyişdirərək, elektrik impulsları şəklində beyinə ötürür.
İmplantatın quraşdırılmasına 1 gündən daha az zaman sərf olunur, lakin uyğunlaşma prosesi bir qədər vaxt tələb edir. İstifadəçi beyinə siqnalları qəbul etməyi və təsviri “görməyi” yenidən öyrətməli olacaq, həm də çətin ki, təsvirin yüksək ayırdetmə dəqiqliyində ötürülməsini təmin etmək mümkün olsun. Bunun əvəzinə istehsalçılar kameraların çıxarılan modullarının yaradılması üzərində səylərini cəmləşdiriblər. İmplantat əbəs yerə birləşdirici adlandırılmayıb. Belə ki, ona ətrafda baş verənlər haqqında müxtəlif məlumat mənbələrini qoşmaq olar.
Görmə qabiliyyətini itirmiş şəxs üçün onu əhatə edən dünyanı yenidən görmək deyil, burada istiqamətini müəyyənləşdirməyi öyrənmək daha əhəmiyyətlidir. Bunun üçün isə informativ təsvir lazımdır. Məsələn, infraqırmızı spektrdəki ləkələr istifadəçinin yanında nə qədər insanın və harada təhlükəli isti predmetlərin olduğunu göstərəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.