ABŞ və Koreya alimləri smartfona yüklənmiş xüsusi proqram vasitəsilə sinir sistemini idarə edən beyin implantatı hazırlayıblar. Qurğu parkinsonizm, alsqeymer, asılılıq, depressiya və xroniki ağrılardan əziyyət çəkən insanlar üçün əsl qurtuluş ola bilər.
meddaily.ru saytının məlumatına görə, implantat dərman içlikli dəyişdirilə bilən kartriclərə və işıq elementinə malikdir. Onun köməyilə hətta fərdin davranışını dəyişdirərək, neyronlara uzunmüddətli təsir etmək mümkündür. İmplantat yığcam ölçüləri sayəsində hərəkətləri məhdudlaşdırmır və fəsadların yaranması riski olduqca azdır. Qurğu gəmiricilər üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib.
İmplantat sadə mobil proqram vasitəsilə idarə edilir. Beləliklə, gəmiricilərin sinirlərinə dərmanlar və işıqla təsir etmək mümkün olub. İstehsalçılar bunun nevrologiya sahəsində əhəmiyyətli irəliləyiş olduğunu bildirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.