Massaçusets Texnologiya İnstitutunun əməkdaşı 24 yaşlı Arnav Kapurun yeni ixtirası olan “AlterEgo” cihazı insanın daxili dialoqunu qeydə ala bilmək imkanına malikdir. Sözügedən texnologiya beyin tərəfindən göndərilmiş neyro-əzələ siqnallarını aşkar edən datçiklər sistemindən ibarətdir.
hightech.fm saytının məlumatına əsasən, süni intellekt istifadəçinin səssiz şəkildə öz-özü ilə danışdığı, yaxud düşündüyü zaman qeydə alınan siqnalları sözə çevirir. İstifadəçi qulaqlıq vasitəsilə süni intellektin cavablarını eşidir. Beləliklə, hər bir şəxs səssiz şəkildə siqnalları “ağıllı” qurğulara ötürə və ya digər komandalar verə bilər.
“Nitq qüsurlu bir çox insan başqa insanlarla ünsiyyət saxlamaq imkanından məhrumdur”, – deyə bildirən institutun texnika elmlər namizədi A.Kapur qeyd edib ki, “AlterEgo” cihazı həmin insanların danışmaq qabiliyyətini bərpa etmək imkanına malikdir.
Tədqiqatın nəticəsinə əsasən, sözügedən sistemin dəqiqliyi təxminən 92% təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.