Bionik göz fotoreseptorların məhv olması nəticəsində yaşa bağlı görmə itkisi ilə mübarizə aparan perspektivli bir vasitədir. Qeyri-adi qurğunun ilk sınaqları Fransada müvəffəqiyyətlə həyata keçirilib.
Parisin “Pixium Vision” şirkəti bionik gözün tətbiqinin sınaqlarını keçirib. Qurğu Fransadan olan yaşla əlaqəli olaraq makuladistrofiya xəstəliyindən əziyyət çəkən beş könüllü üzərində yoxlanılıb.
Bu xəstəlik gözün arxa hissəsindəki fotoreseptorların məhv olması nəticəsində mərkəzi görmə sahəsinin itirilməsinə səbəb olur.
hightech.plus saytının məlumatına əsasən, bionik göz torlu qişanın arxasında quraşdırılan və işıqla aktivləşən, həmçinin “ağıllı” eynəyin kamerasıyla təchiz edilən mikroçipdən ibarətdir.
Kamera təsvirləri implantanta ötürən infraqırmızı siqnallara, oradan da görmə sinirinə keçirir. Bu görmə qabiliyyətini itirmiş insana yenidən görməyə imkan yaradır.
Sınaqların iştirakçısı olan bu beş xəstə korluğun ən geniş yayılmış səbəblərindən biri olan makuladistrofiya xəstəliyinə görə görməni tamamilə itirmişdilər. Bionik göz quraşdırıldıqdan sonra onlar görmək imkanı əldə ediblər. Onlardan üçü hətta səhifədə hərfləri ayırd edə biliblər.
İstehsalçıların sözlərinə görə, bu, makuladistrofiya xəstəliyi zamanı görməni qismən qaytarmaq imkanına malik olan yeganə mövcud texnologiyadır.
“Pixium Vision” şirkəti yaxın beş il ərzində bionik gözlərin quraşdırılmasını ənənəvi prosedura çevirməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.