“Google” eksperimental sosial şəbəkəsini istifadəyə verib

15 İyul 2019 - 10:36 | Maraqlı məlumatlar
“Google” eksperimental sosial şəbəkəsini istifadəyə verib

“Google” şirkəti cari ilin aprel ayında fəaliyyətini dayandıran “Google+” sosial şəbəkəsinin əvəzinə, “Shoelace” adlı yeni layihəni istifadəyə verib. “Area 120” eksperimental laboratoriyasının ərsəyə gətirdiyi xidmət kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.

vesti.ru saytının məlumatına əsasən, hazırda “Shoelace” xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür. “Android” və “iOS” əlavələrinin yüklənilməsi üçün istinadlar layihənin saytında yerləşdirilib, lakin onlara keçid dəvət əsasındadır.

Mütəxəssislərin sözlərinə görə, “Shoelace” oxşar maraqlara malik digər insanlarla ünsiyyət qurmağa kömək edir. İstifadəçilər iştirak etmək istədikləri tədbirlərə dair öz siyahılarını yarada və buraya dostlarını və tanış olmayan insanları dəvət edə bilərlər. Bundan əlavə, sosial şəbəkə hamının qoşula biləcəyi açıq tədbirlər seçimi təklif edir.

Qeyd edək ki, “Google” əvvəllər də oxşar layihələr işə salıb. Məsələn, 2011-ci ildə fəaliyyətə başlayan “Schemer” birgə səfərlər üçün müəyyən ərazi üzrə qonşular tapmağa imkan verib. Lakin layihə 2014-cü ildə fəaliyyətini dayandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.