AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 2019-cu il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov yarım il ərzində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə İnternetdə reklam-marketinq üçün verilənlərin səmərəli toplanması metodunun işlənməsi, İnternet reklam-marketinqinin səmərəliliyinin yüksəldilməsi üçün əks-əlaqə mexanizminin sentiment-analiz texnologiyalarına tətbiqi və effektiv metodun işlənməsi istiqamətlərində tədqiqatların aparıldığını qeyd etdi.
Şöbə müdiri “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görülən işlərdən bəhs edərək bildirdi ki, 6 ay ərzində fraktal qrafikanın elementləri və onların müasir arxitektura və inşaatda istifadəsi, fraktal qrafikanın tətbiq sahələri və fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri ilə bağlı araşdırmalar aparılıb. O, “İnformasiyanın virtual məkandan real məkana transformasiyası, 3D texnologiyaları” mövzusu istiqamətində 3D çap texnologiyalarının tətbiq sahələri və inkişaf perspektivləri, 3D çap texnologiyalarının müasir istehsala təsiri və 3D texnologiyalarının təhsildə tətbiqi üzrə təqdiqatların aparıldığını vurğuladı.
Sonra A.Səmidov şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən söz açdı. Qeyd etdi ki, cari il ərzində şöbədə korporativ üslubların yaradılması və kreativ dizayn layihələrinin hazırlanması, “Multimedia Qalereyası”na foto və video materialların daxil edilməsi, dünya şöhrətli alim Lütfi Zadə haqqında məlumatların toplanması, institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları, müxtəlif çap məhsullarının tərtib olunması, virtual reallığın qrafik sisteminin, eləcə də 3D qrafik proqramların mənimsənilməsi və digər istiqamətlərdə praktiki işlər həyata keçirilir.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işləri nəzərə çatdırdı.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbənin elmi fəaliyyətinin daha da gücləndirilməsinin zərurliyini vurğuladı.
Sonda hesabata dair müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.