E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları işlənilib

02 İyul 2019 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2019-cu il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi.

Bildirdi ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modellərinin işlənməsi” adlı dissertasiya işinə dair araşdırmalar aparılıb, kriptovalyutalar üzrə zaman sıralarının proqnozlaşdırılması üçün dərin təlim metodu, eləcə də sosial şəbəkə məlumatlarının sentiment analizi metodu işlənilib. “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə aparılan tədqiqatlardan danışan məruzəçi bu məqsədlə kompüter şəbəkələrinin monitorinqi üçün vizallaşdırma modelinin və qərarların qəbulunu dəstəkləyən intellektual sistemin, o cümlədən kompüter şəbəkələrinin real zamanda monitorinqi üçün metodun işləndiyini söylədi.

Y.İmamverdiyev şöbədə “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları”, “İnformasiya təhlükəsizliyinin menecmenti problemləri”, “İnternet-kriminalistikanın elmi-nəzəri problemləri”, “Kriptovalyuta sistemlərində təhlükəsizliyin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Obyekt asılılığı olan rollar əsasında İnternet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi”, “Şəbəkə mühitində zaman sıralarında informasiya təhlükəsizliyi üzrə anomaliyaların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatların aparıldığını dedi. O, həmçinin “E-dövlətdə e-imza infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Botnetlərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması metodları” və “Kriptovalyuta verilənlərinin intellektual analizi metodları” mövzuları üzrə görülən işlər haqqında məlumat verdi, tədqiqat istiqamətlərini diqqətə çatdırdı.

O, şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən bəhs edərək Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi üzrə Milli Strategiyasının layihəsinə təkliflər hazırlandığını, bir neçə qrant layihəsində iştirak edildiyini, eləcə də yeni qrant layihələrin təqdim olunduğunu, innnovativ təkliflərin işlənildiyini qeyd etdi.

Daha sonra şöbə müdiri nüfuzlu elmi jurnallarda 12 məqalənin nəşr olunduğunu, 11 məqalənin isə nüfuzlu jurnallarda rəy prosesinin müxtəlif mərhələlərindən keçdiyini, beynəlxalq konfranslarda 10 məqalənin məruzə edildiyini, “Bitkoin texnologiyası” adlı ekspress-informasiyasının çap olunduğunu söylədi.

Y.İmamverdiyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti,  beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə informasiya təhlükəsizliyi problemləri, xüsusilə yeni bir istiqamət olan İnternet-kriminalistika və kiber-fiziki sistemlərin təhlükəsizliyi problemləri istiqamətində aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı.

Hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.