Bu gün AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun AzScienceNet elm-kompüter şəbəkəsi və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirakı ilə AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsinə dair müşavirə keçirildi.
Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev Estoniyanın Tallin şəhərində keçirilən GEANT Assosiasiyasının Baş Assambleyasının və “TNC19” Konfransının iclaslarında iştirakı haqqında məlumat verdi.
Akademik R.Əliquliyev GEANT Assosiasiyasının təşkilatçılığı ilə hər il keçirilən “TNC19” Konfransının Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfranslardan biri hesab edildiyini vurğuladı. Dünyanın 70 ölkəsindən 800-dən çox nümayəndənin iştirak etdiyi konfransın Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirdiyini bildirdi. Qeyd etdi ki, tədbirdə elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat verilib.
Akademik R.Əliquliyev konfransda İKT-nin sosial həyata təsiri, GEANT-ın xidmətlərindən istifadə edən şirkətlər, İKT-də qadınların rolunun artırılması, inkişaf etməkdə olan ölkələrin GEANT-ın xidmətlərindən daha geniş istifadə edilməsinin təmin olunması, enerji təhlükəsizliyi, elektron hökümət quruculuğu və s. məsələlər ətrafında aparılan müzakirələrdən söz açdı, GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Lunailə keçirilən görüşdə əhəmiyyətli məsələlərə yer ayrıldığını bildirdi. R.Əliquliyev Azərbaycanın Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradıldığını və ölkəmizin bu qurumda layiqli təmsil olunduğunu vurğuladı.
Sonra institut direktoru cari ildə Gürcüstan və Moldovanın Milli Tədqiqat və Təhsil Şəbəkələrinin 20 illik yubiley tədbirlərində, eləcə də növbəti il İngiltərənin Brayton şəhərində keçirilməsi planlaşdırılan “TNC20” Konfransında institutun məsul əməkdaşlarının iştirakının təşkili məsələlərindən danışdı, bu istiqamətdə tövsiyələrini verdi.
Tədbirdə 2020-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) hazırlıqla bağlı görüləcək işlər ətrafında müzakirələr aparıldı. Qeyd olundu ki, EaPConnect (Şərq Tərəfdaşlığı) layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açır.
Daha sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev çıxış edərək GEANT-ın eduGAİN xidmətinin Azərbaycanda tətbiqi üçün görüləcək işlərdən bəhs etdi. Bildirdi ki, bu məqsədlə cari ilin 1-5 iyul tarixlərində Litvanın bu sahədə təcrübəli mütəxəssisləri tərəfindən AzScienceNet şəbəkəsinin əməkdaşlarına treninqlərin keçirilməsi nəzərdə tutulur. O, bununla yanaşı, yaxın zamanda AzScienceNet əməkdaşları üçün Juniper şəbəkə avadanlıqları və onların əməliyyat sistemlərindən istifadəyə dair kursların təşkilinin həyata keçiriləcəyini qeyd etdi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə quraşdırılmış LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin rəsmi açılış mərasiminin təşkili istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdı.
Tədbirdə, həmçinin institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev “TNC19” Konfransında iştirakı, eləcə də tədbirin “Lightning talks” bölməsində sifətin tanınması texnologiyaları, uşaqlar üçün İnternet, Fog Computing, distant təhsil əsaslı kontentin qarşılıqlı əlaqəsi, Big Datanın keyfiyyətinin artırılmasına xidmət edən sistemlər və s. mövzular ətrafında gedən müzakirələr haqqında məlumat verdi.
O, GEANT-ın NREN (National Research and Education Network, Milli Tədqiqat və Təhsil Şəbəkəsi) Emerging TEAM proqramı çərçivəsində iştirak etdiyi görüşlər, ekskursiya xarakterli gəzintilər barədə söz açdı, HITSA (The Information Technology Foundation for Education, Təhsil üçün İnformasiya Texnologiyaları Fondu) təşkilatının EENet şəbəkəsinin Data Mərkəzində baş tutan görüş barədə məlumat verdi. Bildirdi ki, mərkəzin hesablama gücü 50 Tflops, yaddaş həcmi 2000 TB-a bərabərdir. Onun sözlərinə görə, Estoniyanın Tartu Universitetinin tələbələri bu mərkəzin imkanlarından istifadə edirlər.
T.Mustafayev, həmçinin Estoniyanın Tədris və İnkişaf Mərkəzində müxtəlif özəl şirkətlər tərəfindən təşkil olunan İT kurslar, Elektron Estoniya Mərkəzində həyata keçirilən layihələrdən bəhs etdi, eləcə də GEANT-ın icraçı direktoru Erik Huizer ilə keçirilən görüşdə iştirakı barədə danışaraq müzakirə olunan məsələləri diqqətə çatdırdı.
Sonda müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.