“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu keçirilib

03 İyun 2019 - 17:42 | Konfranslar, İclaslar

Bu gün “İnnovasiya Festivalı” çərçivəsində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu  (“MAİNTECH – 2019”) keçirilib.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunub.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır.  “Azərbaycanda yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə resurslarına çıxışını təmin etmək üçün fondlar fəaliyyət göstərir. Bu fondlar vasitəsilə innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir”.

Həmçinin nazir bildirib ki, ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi haqqında bir sıra mühüm tapşırıqlar verilib. “Biz bu vəzifələrin icrasını təmin etmək üçün öz fəaliyyətimizi bir neçə istiqamətdə qururuq.  Birinci istiqamət yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına  köməklik göstərilməsidir.  Bu məqsədlə  texnoloji transfer mərkəzləri yaradılacaq, sahibkarlara müvafiq xidmətlər təqdim olunacaq. Nazirlik tərəfindən  2016-cı ildə istifadəyə verilən Data Mərkəzi hazırda dövlət və qeyri-dövlət qurumlarına “bulud əsaslı həllər”, “birgə yerləşmə”, “hibrid tipli həllər” üzrə xidmətlər təqdim edir. İkinci istiqamət müvafiq dəstək mexanizmlərinin tətbiq edilməsidir. Burada innovativ layihələrə, o cümlədən  startaplara qrant, güzəştli kredit verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, nazirlik  artıq bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir.  Bu müddət ərzində startaplara 117 qrant, 16 sahibkarlıq subyektinə isə güzəştli kreditlər verilib. Üçüncü istiqamət isə ölkəmizdə  innovasiya təşəbbüskarlığının təbliğidir. Artıq bu istiqamətdə bir çox addımlar atılır. “İ2B –  İdeyadan Biznesə”  layihəsi həyata keçirilir, tələbələr, gənclər bu prosesə aktiv cəlb olunur. Robototexnika, “Əşyalar interneti” kimi müasir inkişaf trendlərinə  uyğun  laboratoriyalar  qurulur,  müxtəlif müsabiqələr, yarışlar keçirilir”.

Qeyd edək ki, “MAİNTECH – 2019” Forumunun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.