Proqram təminatı sınağının avtomatlaşdırılması üçün metodlar araşdırılıb

29 May 2019 - 15:45 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin növbəti elmi seminarında şöbənin əməkdaşı Nəzakət Məlikova “Proqram təminatının sınağının avtomatlaşdırılması üçün metod və vasitələrin araşdırılması” mövzusunda məruzə ilə çıxış etdi. O, proqram təminatı (PT) sınağının avtomatlaşdırılması, onun müsbət və mənfi cəhətləri, eləcə də PT-nin avtomatlaşdırılmasında istifadə olunan alətlər barədə məlumat verdi. Qeyd etdi ki, PT-nin sınağı onun keyfiyyətini qiymətləndirmək və təkmilləşdirmək üçün həyata keçirilən proseslərdir və o, proqram sistemlərində qüsurların və problemlərin aşkarlanmasını təmin edir.

Məruzəçi bildirdi ki, PT-nin verifikasiya prosesi hesab olunan PT-nin sınağının avtomatlaşdırılmasında testin başlanğıc, icra, analiz etmə və nəticə çıxarma kimi əsas funksiyaları, test addımları avtomatlaşdırılmış test vasitələrindən istifadə edərək avtomatik olaraq həyata keçirilir: “PT-nin testləşdirilməsinin avtomatlaşdırılması üzrə mütəxəssis isə avtomatlaşdırılmış testləşdirmə məqsədi ilə test skriptlərin, testlər dəstinin, alətlərinin yaradılmasını, sazlanmasını və işçi vəziyyətdə olmasını təmin edir”.

N.Məlikova test skripti, testləşdirilməsinin avtomatlaşdırılması üçün alət, test toplusu, manual testləşmə haqqında ətraflı verərək qeyd etdi ki, manual sınaq çox bilik tələb etməyən ən sadə, aşağı səviyyəli testləşmə növüdür. Kodun testləşdirilməsinin avtomatlaşdırılması, istifadəçinin qrafik, proqramın proqram interfeysi kimi növləri olan avtomatlaşdırılmış testləşmə isə testləşmə üçün nəzərdə tutulan tam proqramlardır.

Məruzəçi testləşmə haqqında müxtəlif miflərin olduğunu diqqətə çatdıraraq avtomatlaşdırma testləşdirmənin üstünlükləri və çatışmayan cəhətlərindən də söz açdı.

Onun sözlərinə görə, PT-nin sınağında avtomatlaşdırılmanın alətləri əsas rol oynayır. Avtomatlaşmış testləşmə üçün alət elə bir proqram təminatıdır ki, onun vasitəsilə test-skriptlərin yaradılması, sazlanması, icra edilməsi və tətbiqinin nəticələrinin təhlili həyata keçirilir.

Sonda N.Məlikova “Selenium”, “Katalon Studio”, “Watir”, “HP Quick Test Professional”, “IBM Rational Functional Tester” kimi PT-nin avtomatlaşdırılmasında istifadə olunan alət və çərçivələr barədə ətarflı məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.