Bu yaxınlarda yapon dəmir yolu şirkəti “JR East” dünyada ən sürətli hesab olunan “Alfa-X” qatarını təqdim edib. Onun maksimal surəti 400 km/saat təşkil edir. Qatar sərnişinləri maksimal sürətindən bir qədər kiçik sürətlə (360 km/saat) daşıyacaq.
habr.com saytının məlumatına əsasən, qatarın sərnişinlərsiz sınaqları artıq keçirilib. Qatar dəmir yolunun “JR East”ə aid olan ərazisində yoxlanılır. İstehsalçılar bildirirlər ki, layihənin son sınaq mərhələsi çərçivəsində qatar Aomori şəhərindən Senday şəhərinə qədər hərəkət edəcək.
Şirkət nümayəndələrinin sözlərinə görə, qatar yeni standartlara uyğun olaraq hazırlanır. O, yalnız hərəkət sürətinə görə deyil, həmçinin rahatlığı və etibarlılığı ilə seçilir.
Qatarın əsas xüsusiyyətlərindən biri onun tavanında quraşdırılmış xüsusi hava əyləclərini birləşdirən yeni əyləc sistemidir. Əyləc sisteminin əsas hissəsi bilavasitə relslərin yaxınlığında yerləşən maqnit lövhələridir (maqnit əyləc). Bununla yanaşı, qatarın ənənəvi əyləc konstruksiyası da mövcuddur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.