Süni intellekt 20 il gizlənən cinayətkarı tutmağa kömək edib

10 May 2019 - 11:44 | Maraqlı məlumatlar
Süni intellekt 20 il gizlənən cinayətkarı tutmağa kömək edib

Çinin “DeepGlint Technology” şirkətinin hazırladığı süni intellekt əsasında sifətin tanınması sistemi yerli polisə 20 il ərzində gizlənən cinayətkarı saxlamağa kömək edib. Cinayətkarın tutulması və törətdiyi əməl barədə ətraflı məlumat verilməsə də, şirkət nümayəndələri texnologiya vasitəsilə artıq 100-dən çox şübhəli şəxsin saxlanıldığını bildiriblər.

“DeepGlint Technology”nin əməkdaşlarının sözlərinə görə, sistem insan gözünün strukturuna əsaslanır və kameraların köməyi ilə 50 metr məsafədən insanı və nəqliyyat vasitələrini fərqləndirə bilir. Şübhəli hərəkətlər aşkarlanan zaman dərhal bildiriş alan hüquq-mühafizə orqanları tərəfindən vəziyyətə müvafiq reaksiya göstərilir.

4pda.ru saytının məlumatına əsasən, Çində sifətin tanınması sistemləri cinayətkarların axtarışı ilə yanaşı, qayda pozuntularının aşkarlanması məqsədilə vətəndaşların davranışının izlənilməsi üçün geniş istifadə olunur. Bu, ideal cəmiyyət yaratmaq məqsədi daşıyan vahid sosial reytinq sisteminin tərkib hissəsini təşkil edir. Bu yaxınlarda texnologiyanın tətbiqinin ilkin nəticələri məlum olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.