AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Fog computing texnologiyaları: müasir vəziyyəti və perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov qeyd etdi ki, Əşyaların İnterneti (İoT) və mobil İnternet texnologiyalarının inkişafı, insan, maşın və əşyalar da daxil olmaqla müxtəlif obyektləri istənilən zaman və məkanda informasiya mühiti ilə əlaqələndirir.
Onun sözlərinə görə, İnternetə qoşulan fərdi kompüterlərin hesablama və yaddaş resurslarına olan təlabatının azalması, istifadəçilərin məhdudiyyətsiz hesablama və yaddaş resursları ilə təmin olunması, verilənlərin yüksək sürətlə emal edilməsi, eləcə də aparat və proqram təminatı, xidmət və elektrik enerjisinə olan xərclərin azaldılması və s. bulud texnologiyalarının əsas üstünlükləridir.
Əşyaların İnterneti və bulud texnologiyalarından söz açan M.Həşimov qeyd etdi ki, hesablama buludlarının mövcud tətbiqlərin real zamanda istifadəsi və ya gecikmə ilə bağlı məhdudiyyətlərə malik olması, eyni zamanda şəbəkənin aşağı keçiricilik qabiliyyəti kimi problemləri yalnız cloud computing vasitəsilə həll etmək mümkün deyil: “Bu səbəbdən də hesablama buludlarından əlavə fog computing (“hesablama dumanı”) adlanan yeni hesablama paradiqması təklif edilib”.
Məruzəçinin sözlərinə görə, son istifadəçi ilə data mərkəz arasında hesablama, yaddaş və şəbəkə xidmətlərini təmin edən yüksək səviyyədə virtuallaşdırılmış platforma olan Fog computing son istifadəçi və İoT qurğuları ilə buludlar arasında körpü rolunu oynayır. Fog computing qovşaqları sensor və kənar qurğuların generasiya etdiyi məlumatları emal edir və saxlayır, əhəmiyyətli məlumatların saxlanılması və ya emal edilməsi üçün bulud serverinə ötürülür. Beləliklə, fog computing cloud computingə daha səmərəli xidmət göstərməyə imkan yaradır.
M.Həşimov Fog computing-in əsas məqsədlərindən danışaraq bildirdi ki, bulud xidmətləri fog computing vasitəsilə IoT cihazlar üçün təmin olunur, gecikməni azaldır, buludun ötürücülük və yaddaş resurslarına qənaət etməyə imkan verir.
O, Fog computing sisteminin arxitekturası haqqında məlumat verdi, onun terminal, duman və bulud kimi üç-səviyyəli struktura əsaslandığını diqqətə çatdırdı. Qeyd etdi ki, müvəqqəti saxlamanın təmin edilməsi, hesablama imkanları, şəbəkə bağlantısı - Iot cihazları, digər duman qovşaqları və buludla əlaqələndirilmə duman qovşaqlarının əsas xarakteristikalarıdır.
Məruzəçi böyük coğrafi ərazidə məlumatların monitorinqindən bəhs edərək bildirdi ki, istənilən yerdə əşyalar arasında qarşılıqlı əlaqə yaratmaq IoT və hesablama mühitinin əsas məqsədidir.
“Duman qovşaqları qəbul etdikləri məlumatın növündən asılı olaraq işləyir”, - deyə bildirən məruzəçi, Fog computing-in iş prinsipini diqqətə çatdırdı. Qeyd etdi ki, ən yaxın duman qovşağı zaman baxımından cihazlardan həssas, az həssas və həssas olmayan məlumatları qəbul edir.
M.Həşimov həmçinin, bulud və duman texnologiyaları arasındakı fərqlər, eləcə də Fog computing-in tətbiq sahələri barədə də məlumat verdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.