“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi

29 Aprel 2019 - 10:00 | Mühüm hadisələr

27 aprel 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiHeydər Əliyev FonduTəhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın birinci mərhələsi  keçirildi.

Artıq 13-cü ildir təşkil olunan və bu il 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan Olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

İki mərhələdən ibarət Olimpiadanın birinci mərhələsindən öncə 1 ay müddətində “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilmişdir. Hər komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunmuşdur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılmışdır.

Ötən 12 il ərzində hər il orta hesabla 15-20 ali təhsil müəssisəsindən 40-50 komanda (160 - 200 iştirakçı) birinci mərhələyə qoşulmuşdur.

Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda yarışda iştirak hüququ qazanmışdır. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universiteti, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərir.

Yarış beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanacaq və ən yaxşı 4 komanda qalib elan ediləcək.

Qaliblər (I-IV yerlər) “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, final mərhələsi 4 may 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.