Bir neçə ildir ki, “Boston Dynamics” şirkəti ardıcıl olaraq, müxtəlif çətinlikdə olan tapşırıqların öhdəsindən gələn robotlar istehsal edir. Məsələn, bu yaxınlarda şirkət xüsusi əllərin köməyilə yeşikləri daşıya bilən “Handle” robotunu təqdim edib. Bütün bu innovasiyalara baxmayaraq, “Boston Dynamics” indiyədək elmi-tədqiqat şirkəti olaraq qalır və robotlarından heç birini satışa çıxarmır. Şirkətin təsisçisi Mark Raybertin sözlərinə görə, 2019-cu ildə bu qayda dəyişəcək. Belə ki, “SpotMini” robotunu arzu edən hər kəs əldə edə biləcək. Artıq tezliklə satışlara başlanılacaq. Şirkət 10 “SpotMini” robotunun ağır yük maşınını dartdığını əks etdirən videonu yayımlayıb.
hi-news.ru saytının məlumatında bildirilir ki, video dördayaqlı robotların potensial gücünü nümayiş etdirir. Böyük yük maşınını dartmaq qabiliyyəti robotların inanılmaz çəkmə gücünə malik olduğundan xəbər verir. Onlardan ağır konteynerlərin daşınması üçün istifadə etmək olar. Lakin bu zaman sual yaranır: niyə şirkətlər ucuz nəqliyyatdan istifadə etmək əvəzinə bahalı robotlar alsınlar? Çünki bu robotlar nahamar səth üzərində təkərli nəqliyyatla müqayisədə daha yaxşı hərəkət edə biləcəklər.
Şirkət “SpotMini” robotundan başqa, müxtəlif fəndləri yerinə yetirə və obyektləri daşıya bilən insanabənzər “Atlas” robotunu da təqdim edib. Lakin onun satışa çıxarılması barədə məlumat verilməyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.