Çinin ən iri axtarış şirkəti olan “Baidu” Pekində keçirilən texnoloji konfransda qida qəbulu üçün “ağıllı” çubuqları təqdim edib. Bu elektron qurğunun köməyilə xörəklərdəki zərərli qatışıqların tərkibini müəyyən etmək olar.
Qeyd edək ki, son illər Çində xörəklərdə yenidən emal olunmuş yağlardan və digər zərərli kimyəvi maddələrdən istifadə nəticəsində baş verən zəhərlənmə halları ilə bağlı bir sıra qalmaqallar yaşanmışdır. newsru.com saytının məlumatına görə, yeni icad bu problemin həllinə yönəlib.
Şirkətin icraçı direktoru Robin Linin bildirdiyinə görə, gələcəkdə “ağıllı” çubuqların köməyilə yağların mənşəyini, suyun və digər məhsulların keyfiyyətini müəyyən etmək mümkün olacaq: “Bu qurğu xörəyin keyfiyyətini, yəni onun tərkibində olanları müəyyən etməyə kömək edəcək”.
Şirkətin məlumatına görə, “ağıllı” çubuqlar hələlik bitki yağının təzə olub olmadığını və keyfiyyətini müəyyən edə bilir. Lakin gələcəkdə bu çubuqların sayəsində xörəyin turşuluq dərəcəsi, hərarəti və kalori miqdarını öyrənmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.