AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənildi. Yeni texnoloji məhsullar haqqında məlumat verən Orxan Mənsimzadə “Mini Cheetah” adlı dördayaqlı robot barədə danışdı. Bildirdi ki, geriyə salto edən ilk dördayaqlı robotun çəkisi 9 kq təşkil edir, robotun hərəkət diapazonu ona gimnastlarla mübarizə aparmağa imkan verir. Məruzəçinin sözlərinə görə, “Mini Cheetah” əyilmək və ayaqlarını geniş açmaq, nahamar yerlərdə insandan iki dəfə sürətli hərəkət edə bilmək imkanına malikdir. Yıxılan zaman robot tez və müstəqil ayaq üstə qalxır.
O.Mənsimzadə qeyd etdi ki, modul prinsipi üzrə işləyən robotun əl-ayaq və ya mühərrikinin sınması zamanı istənilən detalı çox asanlıqla yenisi ilə əvəzləmək mümkündür. Təkmilləşdirilmiş robotun mayda keçiriləcək robot texnikası və avtomatlaşdırma üzrə beynəlxalq konfransda nümayişi planlaşdırılır.
Sonra məruzəçi ABŞ-ın müxtəlif logistika xidmətləri göstərən “FedEx” şirkətinin təqdim etdiyi bağlamaların çatdırılması üçün yeni avtonom robot – “SameDay Bot” haqqında məlumat verdi: “Qurğu iki əsas hissədən – korpus və onun altında yerləşən şassidən ibarətdir. Korpusun ön və arxa tərəflərində robota ətrafdakıları öz hərəkətləri barədə məlumatlandırmağa imkan verən ekran quraşdırılıb. Korpusun sol tərəfində bağlamalar bölməsinə daxil olmağa şərait yaradan kiçik qapı yerləşir”.
O.Mənsimzadənin sözlərinə görə, “SameDay Bot” bir neçə kilometr məsafədə müştərilərə məhsulların çatdırılması üçün nəzərdə tutulub. Qurğu avtonom naviqasiyaya imkan verən optik ötürücü və kamera ilə təchiz edilib. Robotun şassisi dörd əsas və iki əlavə – öndə yerləşən kiçik təkərdən ibarətdir. Maksimal hərəkət sürəti saatda 16 km təşkil edən “SameDay Bot” robotu enişli-yoxuşlu yollarda rahatlıqla hərəkət etmək imkanına malikdir.
Məruzəçi infraqırmızı kamera ilə təchiz edilmiş dronların köməyi ilə koalaların sayının hesablanması üsulunun müəyyən olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu dronların sınaqları zamanı pilotsuz təyyarələr GPS-nişanlarla meşə sahəsi üzərində hərəkət edərək koalaları axtarırlar.
O.Mənsimzadə bildirdi ki, dronların istifadə edilməsi koalaların hesablanması üçün daha sürətli və ucuz vasitə hesab edilir: “Hesablamaların nəticələrinə görə, adi üsul ilə müəyyən ərazidə təxminən 70 % koala tapılırdısa, dronlar vasitəsilə bu heyvanı orta hesabla 86% ehtimalla müəyyən etmək mümkündür.
Məruzəçi maldarlıqda istifadə olunan və sürülərə nəzarət edən dronlar haqqında məlumat verdi. Qeyd etdi ki, bu dronlar vasitəsilə heyvanların hərəkət istiqamətinə nəzarət etmək olar. Onun sözlərinə görə, sürü haqqında məlumatlar sürüyə nəzarət edənlərin idarəetmə ekranına siqnallar vasitəsilə ötürülür.
O, həmçinin ərazinin təhlükəsizliyini pozan dronları tor vasitəsilə tutaraq zərərsizləşdirən və onların təyinatını müəyyənləşdirən anti-dronlar haqqında da məlumat verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.