Müasir təhsil sistemi bütün tələbələrin təhsil ehtiyaclarını nəzərə alaraq fərdlərin hərtərəfli inkişafına xidmət edir. İnklüziv təhsil isə, ümumi təhsilin hər kəs üçun əlçatan olmasını nəzərdə tutur və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin elmi seminarında şöbənin əməkdaşı Esmira Ələsgərova bildirdi.
O, “Bulud texnologiyası əsasında inklüziv təhsil kontentinin formalaşması” mövzusunda məruzəni təqdim edərək qeyd etdi ki, təhsilə inklüziv yanaşma tələbələrin xüsusi ehtiyaclarını nəzərə alaraq bütün tələbələri təhsil prosesinə daxil etməklə bu ehtiyaclara əsaslanan təhsil prosesinin həyata keçirilməsidir. Onun sözlərinə görə, hazırda effektiv təhsil texnologiyalarının axtarışı ilə məşğul olan inklüziv təhsil prosesinin təşkili üçün yüksək tələblər mövcuddur.
“İnklüziv təhsil prosesində telekommunikasiya sistemləri və kompüter avadanlığı da daxil olmaqla innovativ texnologiyaların istifadəsi və inkişafı müasir cəmiyyətin dinamik, intensiv xarakteri ilə bağlıdır”, – deyən məruzəçi bu texnologiyaların insanın cəmiyyətlə daha tez adaptasiya olmasına, təhsilin, mədəniyyətin, dünyagörüşün, intellektual bacarıqların formalaşmasına və inkişafına töhfə verməyə kömək etdiyini vurğuladı.
Məruzəçi inklüziv tədris prosesində bulud texnologiyalarından geniş istifadə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu texnologiyaların modulu inklüziv məktəblərdə “Google” və “Microsoft” tərəfindən inkişaf etdirilən texnologiyaları təsvir edir.
Onun sözlərinə görə, əlil insanların öyrədilməsi prosesində bulud texnologiyalarının istifadəsi əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiyasına kömək edir, müəllimlər və digər tələbələrlə ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün imkan yaradır: “Bu imkanlar tədris prosesində texniki vasitələrdən istifadə etməklə həyata keçirilir. İnklüziv təhsil çərçivəsində maddi və texniki avadanlıqların seçilməsi maksimum dəyişkənlik və bütün komponentlərin qeyri-invariant nisbəti ilə müəyyən edilir”.
E.Ələsgərova eşitmə funksiyasını kompensasiya etmək üçün əlçatan formada informasiya mübadiləsini təmin edən, eşitmə qabiliyyətinə malik olan multimedia texniki vasitələri və simsiz səs ötürmə texnologiyalarının tələb olunduğunu, görmə qüsurlu şəxslərin təhsil alması üçün isə, video artırıcılar, elektron böyüdücü, Braille kompüter avadanlığı və proqram təminatının tələb olunduğunu dedi.
O, həmçinin bildirdi ki, inklüziv təhsil sahəsində bulud texnologiyaları oxu və yazı fəaliyyətlərini asanlaşdırmaq üçün texniki dəstək, uyğun təhsil sahəsini və təhsil resurslarını yaratmaq üçün innovativ texnologiyaların tətbiqi sahəsində tədris dəstəyi, eləcə də şəbəkə sistemlərində iştirak üçün kommunikativ dəstək kimi funksiyaları icra edir.
Məruzəçi inklüziv təhsil çərçivəsində innovativ texnologiyalardan istifadənin komponentləri haqqında məlumat verdi, müəllimləri təhsil prosesini inkişaf etdirməsi üçün şəbəkələşmə və əməkdaşlıq bacarıqlarını əhatə edən, həmçinin elektron təhsil strategiyasını yaratmağa imkan verən təlimlərin beş tematik bölmədən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, bu bölmələrə təhsil sisteminə aid bulud texnologiyalarının əsas xüsusiyyətləri, ünsiyyət bacarıqları və əməkdaşlığının inkişafı üçün bulud texnologiyalarının istifadəsi, yaradıcılıq və yeniliyin inkişafı üçün bulud texnologiyasından istifadə, bulud texnologiyalardan istifadənin tənqidi düşünmə bacarıqları və problemlərin həlli üçün istifadə edilməsi, eləcə də bulud texnologiyalarına əsaslanan tədrisi idarəetmə sistemləri daxildir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.