Dünyanın ən böyük axtarış sisteminin sahibi "Google" şirkəti öz korporativ həllər bölməsinin adlarında dəyişikliklər edib (rebrendinq keçirib). Bu addım İnternet-nəhənginin biznes-xidmətlərə yeni yanaşmasını əks etdirir.
Belə ki, Google Enterprise qrupu bundan sonra Google for Work, Google Apps platforması isə Google Apps for Work adlandırılacaq. GMail, Maps və digər xidmətlərin korporativ versiyalarında adların önünə isə "for work" ifadəsi artırılacaq. Həmçinin maarifləndirici sektor üçün məhsulların işarələri dəyişdiriləcək.
Google for Work platformasının tərkibinə əməkdaşlar üçün Google Apps bulud xidməti, biznes üçün Google Maps kartoqrafik xidməti, eləcə də daxili və xarici korporativ informasiya resurslarında axtarış etmək üçün Google Search Appliance proqram-aparat kompleksi daxil olacaq.
Adlarında dəyişiklik edilmiş bölmənin prezidenti Amit Sinqxin sözlərinə görə, bu addım istehlak, bulud və mobil texnologiyalarının korporativ sektora tətbiqini əks etdirir. "Google for Work, həmçinin şirkətə kiçik firmaları özünə cəlb etməkdə kömək edəcək" - deyə top-menecer əlavə edib.
Şirkətin direktorlar şurasının sədri Erik Şmidt bildirib ki, indi "Google" öz xidmətlərini, əsasən insanlara öz sevdikləri işlərlə məşğul olmağa imkan verən alətlər kimi istifadəyə verir.