İnstitutda “Millennium” layihəsinin direktoru, professor Cerom Qlen ilə görüş keçirildi

13 Mart 2019 - 17:00 | Görüşlər

Martın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Millennium” layihəsinin direktoru, professor Cerom Qlen (Jerome Glenn) ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq tədbirdə müzakirəyə təqdim olunan məsələlərin ölkəmiz üçün olduqca aktual olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Alim informasiya texnologiyaları sahəsinin əhəmiyyətindən danışaraq bu sahənin gələcəyin qurulması ilə əlaqədar istiqamətlərdən olduğunu söylədi. Akademik ölkəmizin inteqrasiyası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini və Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması məqsədilə ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırdı.

R.Əliquliyev süni intellektin geniş yayılmasının cəmiyyətdə köklü dəyişikliklərə səbəb olduğunu qeyd edərək dünyanın aparıcı ölkələrində bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğuladı.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, Fransanın Fəxri Legion Ordeninin kavalyeri Reyhan Hüseynova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrindən söz açdı, bu qurumun Futuroloqlar Cəmiyyətinə hər zaman elmi dəstək verdiyini diqqətə çatdırdı. Bildirdi ki, artıq 13 ildir ki, fəaliyyət göstərən cəmiyyətin yaradılmasında əsas məqsəd Azərbaycanda gələcək elmi istiqamətləri və müasir meylləri müəyyən etmək, dünyada bu sahədə gedən proseslərə qoşulmaqdır.

R.Hüseynova cəmiyyətin bir çox layihələrə imza atdığını, futurologiya elminin problemlərinin müzakirəsi məqsədilə müxtəlif səpkili tədbirlər keçirdiyini dedi. Məruzəçi rəhbərlik etdiyi cəmiyyətin qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzi – “Millennium” layihəsinin Azərbaycan bölməsi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O, professor Cerom Qlenin rəhbərlik etdiyi layihənin dünyanın 65 ölkəsində nümayəndəliyinin olduğunu qeyd etdi.

Sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin Yüksək texnologiyalar və startaplar departamentinin əməkdaşı Kənan Həbibov Virtual “Universe Sandbox” layihəsi ilə bağlı və həmin departamentin əməkdaşı Elman Əhmədbəyov “Dünya iqtisadiyyatının inkişafında süni intellektin rolu” mövzusunda məruzə ilə çıxış etdilər.

Daha sonra professor Cerom Qlen “İnformasiya Cəmiyyəti və futurologiya. Gələcək futuroloqun gözü ilə” mövzusunda məruzə ilə çıxış etdi. Professor C.Qlen insan və texnologiyanın qarşılıqlı əlaqəsindən danışaraq texnologiyanın insan şüurunun, insan şüurunun isə texnologiyanın dəyişməsinə səbəb olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, texnologiyaların şüurlu şəkildə istifadə olunması insanların inkişafına gətirib çıxarır. Onun sözlərinə görə, bu qarşılıqlı təsir trendi, başqa sözlə texnologiyanın insanlara və insanların texnologiyaya inteqrasiya olunması ilə bəşəriyyət şüurlu texnologiyalar erasına daxil olur. Məruzəçi bildirdi ki, bu, informasiya və yüksək texnologiyalar ilə fəaliyyət göstərən sivilizasiyaların iş prinsipidir və orqanik təbii vəhdət əmələ gətirir.

C.Qlen gələcəyə dair proqnozlar verərək yaxın gələcəkdə insanın sağlamlıq vəziyyətini ölçən sensorlu “ağıllı” geyimlərdən hərbi sahədə geniş istifadə olunacağını, bu geyimlərin daha sonralar sıravi vətəndaşlar üçün əlçatan olacağını söylədi. Həmçinin süni intellekt sayəsində dünyada hər şeyin bir-biri ilə bağlı olacağını və insan şüurunun eyni anda bir neçə yerdə olmasının mümkünlüyünü diqqətə çatdırdı.

Professor C.Qlen dar çərçivəli, ümumi və super süni intellekt növləri barədə danışaraq onları bir-birindən fərqləndirən cəhətlərdən söz açdı. İnsanlar kimi, süni intellektin də hər bir vəziyyətə adaptasiya olduğunu vurğulayan məruzəçi digər süni intellekt növlərindən fərqli olaraq super süni intellektin gələcəkdə insanlar üçün təhlükə törədə biləcəyini nəzərə çatdırdı.

O, həmçinin ABŞ, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələrdə insan beyninin fəaliyyətinin araşdırılması ilə məşğul olan “İnsan beyni” mərkəzlərinin mövcud olduğunu vurğuladı. “İnsan beyninin iş mexanizmini öyrənməklə ümumi süni intellektin iş prinsipini öyrənmək mümkündür”, – deyən C.Qlen hazırda “IBM”, “Microsoft”, “Google”, “Facebook” kimi dünyanın aparıcı şirkətləri tərəfindən “Süni beyin” layihələrinin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü qeyd etdi.

C.Qlen rəhbərlik etdiyi “Millennium” layihəsi barədə məlumat verdi, bu təşkilat tərəfindən 55 tədqiqat layihəsinin həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, gələcəkdə işlənilməsi nəzərdə tutulan layihələrdən biri də dar çərçivəli süni intellektə keçid üçün dövlət səviyyəsində qaydaların işlənilməsi ilə bağlıdır. Professor bu layihə üzrə Azərbaycan üçün də təkliflərini səsləndirərək bu layihənin Azərbaycanda reallaşdırılması üçün öncə ilkin tədqiqatların aparılmasına ehtiyac duyulduğunu dedi.

Məruzəçi növbəti süni intellekt texnologiyalarından hesab olunan robotika, sintetik biologiya və genomika, hesablama elmi, bulud və Big Data analitikası, süni və əlavə edilmiş reallıq, nanotexnologiyalar, Əşyaların İnterneti, kvant hesablamalar, semantik veb texnologiyaları, holoqrafik kommunikasiya, intellektin gücləndirilməsi, kollektiv intellekt, blokçeyn və s. barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, bu texnologiyalar növbəti 25 il ərzində ölkələrin inkişaf sürətini xeyli artıracaq.

Professor C.Qlen Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirdi, bu sahədə yüksək potensialın olduğunu vurğuladı. Həmçinin ölkəmizdə süni intellekt sahəsinin inkişafı və onun problemlərinin geniş müzakirəsinə imkan verəcək workshop-ların keçirilməsinin zəruriliyini qeyd etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, professor Cerom Qlen 40 ildən çox bir müddət ərzində elm və texnologiya siyasəti, ətraf mühitin təhlükəsizliyi, iqtisadiyyat, təhsil, müdafiə, kosmos, gələcək araşdırmalar metodologiyası, beynəlxalq telekommunikasiya və qərarları dəstəkləyən sistemlər üzrə hökumət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatlar və özəl sektorda fəaliyyət göstərmişdir.

C.Qlen 1983-cü ildə yaradılmış aparıcı kompüter şəbəkələrindən biri olan CARİNET-in yaradıcılarından olmuşdur. O, həmçinin Dünya Bankı, YUNESKO, Birləşmiş Millətlər İnkişaf Proqramı və bir neçə digər təşkilatlar üçün müstəqil məsləhətçi vəzifəsində çalışmışdır.

C.Qlen gələcəyi qiymətləndirmə texnikası olan “Futures Wheel”, “Futuristik Kurrikulumun İnkişafı”, transinstitutlar, tele-millətlər, anlayışa əsaslanan idarəetmə anlayışlarının müəllifidir. O, ətraf mühitin təhlükəsizliyi, informasiya müharibəsi, qlobal və lokal baxış və fəaliyyətləri birləşdirmək üçün idarəetmə konseptinin mənasını vermiş və 1973-cü ildə “Futuring” terminini yaratmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.