Robotlar şpris vasitəsilə istənilən orqanizmə daxil olur

12 Mart 2019 - 11:00 | Maraqlı məlumatlar
Robotlar şpris vasitəsilə istənilən orqanizmə daxil olur

Canlı orqanizmlərin dərinliklərinə dərman çatdırılması üçün nəzərdə tutulan mikroskopik robotlar ideyası yeni deyil. Onlar hətta orqanizmin içərisinə adi şprisin köməyi ilə daxil olub fəaliyyət göstərmək imkanına malikdirlər.

Kornel Universitetindən olan bir qrup alim yeni nanorobotu da bu yolla istehsal edib. Robotlardan hər biri 70 mikron uzunluğa malikdir ki, bu da təxminən insan saçının qalınlığına bərabərdir. Bu kimi milyonlarla robot istehsal etmək üçün 10 santimetr silisium lövhə kifayətdir.

Dörd ayağa malik olan robotlar qrafen, platin və titandan istehsal edilib. nanonewsnet.ru saytının məlumatına görə, onun ayaqları özündən 8000 dəfə çox çəkini saxlamaq imkanına malikdir.

Hazırda robotlar günəş enerjisindən qidalandığı üçün orqanizmin dərinliklərinə daxil ola bilmirlər. Tədqiqatçılar bu məhdudiyyəti aradan qaldırmaq, onlara dərmanları xəstəliklərin mərkəzinə birbaşa çatdırmağa imkan vermək üçün maqnit sahələri və ultrasəsdən qidalanma versiyasını istehsal etmək niyyətindədirlər. Onlar həmçinin, müxtəlif kontroller və tənzimləyicilər də tətbiq etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.