Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə bu institutda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində həmçinin aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.
Həmin sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlıq səviyyəsinin qaldırılması və s. bu kimi əsas məqsədlər qarşıya qoyulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.