Çap qurğuları bazarında mənfi dinamika müşahidə olunub

25 Avqust 2014 - 15:47 | Texnoloji yeniliklər
Çap qurğuları bazarında mənfi dinamika müşahidə olunub

Çap texnikası üzrə dünya bazarında 3 rüb davam edən artım mənfi dinamika ilə əvəzlənib. "International Data Corporation" (IDC) şirkətinin analitikləri belə nəticəyə gəliblər.
Onların qiymətləndirmələrinə görə, 2014-cü ilin aprel-iyun aylarında 1 il əvvəl ilə müqayisədə 2,3% az - 2,5 milyon printer istehsal olunmuşdu. Asiya-Sakit Okean regionunda qurğuların tədarük həcmi illik hesablamada 0,4% artmışdır. Bu, məhsul satışlarının 50%-ni əhatə edən Çinin sayəsində baş vermişdir.

dailycomm.ru saytından bildiriblər ki, hesabat dövründə istehsalçılar satış üçün təxminən 6,7 milyon printer hazırlayıblar. Bu da ötən illə müqayisədə 7,7% aşağı göstəricidir. Çoxfunksiyalı printer qurğularının istehlak həcmi isə 0,3%-ə düşüb ki, bu da 17,6 milyon qurğu deməkdir.

"IDC" hesabatında, həmçinin bildirilir ki, 2-ci rübdə şırnaqlı çap qurğularının tədarük həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 3,6% azalaraq 14,5 milyona çatıb. Rəngli lazer aparatlarının istehsalı illik hesablamada 10,3% artıb və 2 milyon olub.

"IDC" analitikləri nəhəng istehsalçıların bazar paylarını isə hələ dəqiqləşdirməyiblər. Məlumatlara görə, cari ilin birinci rübü ərzində "HP" şirkəti çap qurğuları tədarükünün 40,6%-nə nəzarət edirdi. Sonrakı yerləri isə "Canon" (18,5%) və "Epson" (14,3%) tutur.