Bu il dünya informasiya təhlükəsizliyi xərcləri 8 faiz artacaq

22 Avqust 2014 - 17:00 | Texnoloji yeniliklər
Bu il dünya informasiya təhlükəsizliyi xərcləri 8 faiz artacaq

2014-cü ildə dünya informasiya təhlükəsizliyi xərclərinin həcmi 71,1 milyard dollar təşkil edəcək ki, bu da 2013-cü illə müqayisədə 7,9 faiz çoxdur.

Bu barədə “Gartner” analitik şirkətinin proqnozunda deyilir. 2015-ci ildə xərclərin daha 8,2 faiz artaraq 76,9 milyard dollara çatacağı gözlənilir.

İnformasiya təhlükəsizliyi bazarının ən sürətlə artan sektoru verilənlərin itkisindən mühafizə hesab edilir. Bu məqsədlər üçün xərclərin illik hesablamada 18,9 faiz artacağı proqnozlaşdırılır. Həmçinin hesab edilir ki, “bulud” xidmətlərinin, eləcə də, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi yaxın bir neçə ildə yeni texnoloji həllərin və rəqəmli təhlükəsizlik sahəsində servislərin inkişafına xidmət edəcək.

Analitiklər 2013-cü ildə yaranan əsas yeniliklərdən biri kimi təhlükəsizlik təhdidlərinin demokratikləşməsini hesab edərək məqsədyönlü hücumların təşkilinin mümkün olduğu zərərli proqram təminatı və digər vasitələrin əldə olunmasını nəzərdə tuturlar. Analitik şirkət mütəxəssislərinin fikrincə, belə tendensiya onunla nəticələnib ki, təşkilatlar əvvəllər informasiya texnologiyalarının istiqamətlərindən və şirkətlərin xərclər mənbələrindən biri hesab olunan informasiya təhlükəsizliyinə daha diqqətli yanaşmağa başlayıb.


Mütəxəssislər “Gartner”in yaxın illər üçün nəzərdə tutulan proqnozundakı bir necə vacib trendi də sadalayıblar. Onlar arasında “bulud” hesablama sistemləri ilə təqdim edilən informasiya təhlükəsizliyi xidmətlərinin payının artması, müəyyən edilmiş hüquqi normaların əməl olunmasına tələblərin sərtləşdirilməsi, informasiya təhlükəsizliyi sahəsində kompleks xidmətlər paketinin yayılması yer alıb. Həmçinin proqnozlaşdırılır ki, 2018-ci ilədək informasiya təhlükəsizliyinin təmini üçün lazımi resursların olmaması səbəbindən təşkilatların yarıdan çoxu bu məqsədlər üçün oxşar servislərdə ixtisaslaşan digər şirkətləri cəlb edəcək. Bundan başqa, analitiklər 2017-ci ildən etibarən istehlakçılar tərəfindən mobil qurğuların informasiya təhlükəsizliyinin təmininə marağın artacağını gözləyirlər.

ictnews.az