"Fitch Ratings" analitik agentliyi belə nəticəyə gəlib ki, hazırda smartfonlar seqmentində liderlik edən "Samsung" və "Apple"in mövqeyi 2015-ci ilə kimi gözəçarpan dərəcədə zəifləyəcək. Ekspertlərin hesablamalarına görə, bu, yerli şirkətlər tərəfindən nisbətən ucuz qurğuların istehsal olunduğu inkişafda olan bazarlarda artan rəqabətlə bağlıdır.
Mütəxəssislərin fikirlərinə görə, növbəti ilin əvvəllərində "Samsung"un bazar payı 25%, "Apple"in payı isə 14%-ə kimi azalacaq. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin sonunda bu şirkətlərin göstəriciləri müvafiq olaraq 31% və 15% təşkil edirdi.
2014-cü ildə dünya üzrə smartfon tədarükünün 20% artaraq 1,2 milyarda çatacağı proqnozlaşdırılsa da, ötən illə müqayisədə "Samsung" və "Apple" daha az qurğu istehsal edəcək.
Fitch-in qiymətləndirmələrinə görə, hazırda smartfonlar mobil telefonlar üzrə dünya bazarının təxminən 2/3-ni tutur. Seqmentin növbəti artımı isə inkişafda olan ölkələrin hesabına baş tutacaq. Analitiklər qeyd ediblər ki, bu kimi bazarlarda istifadəçilər üçün bahalı brend və yeni texnologiya deyil, qurğuların qiyməti daha vacib amildir. Bu səbəbdən yerli istehsalçıların 100-300 dollar civarında olan və lazımi funksiyalara malik qurğularına "Samsung" və "Apple"in bahalı qurğuları ilə müqayisədə daha çox tələbat var.
dailycomm.ru saytından bildiriblər ki, nisbətən perspektivli dünya bazarları arasında ekspertlər Hindistan və Çinin adını çəkirlər. Gözlənilir ki, bu iki ölkə smartfon tədarükü artımının ümumi həcminin 60%-ni təmin edəcək. Bu regionlarda "Apple" və "Samsung"un əsas rəqibləri Çin vendorları - "Xiaomi", "Lenovo", "Huawei" və Hindistan istehsalıçısı "Micromax" olacaq.