“Samsung” transformasiya edən ilk dronu patentləşdirib

27 Dekabr 2018 - 16:05 | Texnoloji yeniliklər
“Samsung” transformasiya edən ilk dronu patentləşdirib

Cənubi Koreya nəhəngi “Samsung” transformasiya edən ilk pilotsuz uçuş aparatını patentləşdirib. Bununla da şirkət dron istehsalı ilə məşğul olan ilk mobil qurğu istehsalçısı oldu. Bu, “Samsung”un yeni bazara çıxmaqla bağlı ciddi niyyətindən xəbər verir.

vladtime.ru saytının məlumatına görə, transformasiya edən dronun “Galaxy” smartfonları üçün yeni nəsil aksessuar olacağı gözlənilir. Patentdə temperatur, işıq və ultrasəs sensorları, eləcə də kamera, giroskop, barometr, kompasla təchiz olunmuş pilotsuz uçuş aparatı təsvir edilib.

Dronun “qanad”larını onun daxilinə qatlamaq mümkündür. Korpusun konstruksiyasının yığcam portativ blok yaradaraq, birlikdə hərəkət etdirilən iki bölmədən ibarət olması sayəsində pilotsuz uçuş aparatı transformasiya edir. O, digər dronlar kimi, coystikin köməyilə idarə olunacaq.

Bundan başqa, pilotsuz uçuş aparatı smartfon, planşet və ya fərdi kompüterin köməyilə simsiz idarəetməni təmin edən adi texnologiyalarla təchiz olunub. “Samsung” nümayəndələri onu istənilən elektron qurğu, həmçinin paltaryuyan maşın və ya soyuducu kimi məişət qurğusu ilə idarə etməyin mümkün olduğunu iddia edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.