Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə müsbət səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Nazir M.Vaezi ötən səfərləri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük ehtiramla xatırlayıb. Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayan Mahmud Vaezi deyib: “Mən Azərbaycanın əldə etdiyi böyük uğurlara görə Sizə təbriklərimi çatdırıram. Mən, eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm ki, ölkəsi üçün belə böyük işlər görən müdrik və uzaqgörən rəhbəri var”.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.president.az