AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Yusif Sadıyev “E-idarəetmə sahəsində veb-analitika texnologiyalarının tətbiqi” adlı məruzəni təqdim edərək e-idarəetmədə məlumatların toplanması, veb-analitikanın rolu, e-idarəetmənin tətbiq sahələri və analitika problemləri haqqında məlumat verdi.
Məruzəçi bildirdi ki, e-idarəetmə dövlət daxilində informasiya axınını artırmaqla dövlətin idarə edilməsinin təkmilləşdirilməsi üçün informasiya texnologiyalarının istifadəsini ehtiva edir.
O, e-idarəetmədə məlumatların toplanması sxemini təqdim etdi. Qeyd etdi ki, e-dövlətin veb-infrastrukturu dövlət sektorunda fəaliyyət göstərən hər bir qurumun veb-resursu əsasında formalaşır: “Formalaşmış veb-infrastrukturda qurumlarla vətəndaşlar arasında onlayn interaktiv əlaqə yaranır”.
E-idarəetmədə veb-analitikanın rolundan danışan Y.Sadıyev bildirdi ki, e-idarəetmədə veb-resurslardan toplanmış məlumatlar üzərində analitikanın aparılması, istifadəçilərin analitikası, istifadəçilərin cografi analitikası mümkündür.
Məruzəçinin sözlərinə görə, ölkənin milli domen zonasında veb-resursların analitikasının aparılması onun milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır. Bu sahədə təcrübəsi olan qabaqcıl ölkələr öz statistika sistemlərinin qurulmasına böyük əhəmiyyət verirlər. Veb-resursa yerləşdirilmiş sensorlar vasitəsilə ilkin məlumatlar toplanılır və yaxud kənar platformaların milli maraqların tələblərinə uyğun olaraq statistikası aparılır.
“Milli Statistika Sisteminin əsas istiqaməti veb-resurslardan toplanmış məlumatların etibarlı saxlanması, mövcud təcrübə əsasında analitikasının aparılması və informasiyanın fərdiliyinin qorunmasını təmin etməkdən ibarətdir”, – deyə bildirən Y.Sadıyev toplanmış məlumatların e-idarəetmədə qərar qəbul etmək üçün analiz olunduğunu diqqətə çatdırdı.
O, həmçinin e-idarəetmənin analitika problemlərindən bəhs etdi, bu problemlərə toplanmış məlumatların Big Data əmələ gətirməsi, vətəndaşların onlayn mühitdə identifikasiyası, onlayn mühitdə toplanmış fərdi məlumatların təhlükəsizliyi və s. aid edildiyini vurğuladı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.