XƏBƏRLƏR

11214

Korrelyasiya və reqressiya analizi metodları tədqiq olunub

12 Noyabr 2018 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin “Korrelyasiya və reqressiya analizi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

İnstitutun böyük elmi işçisi Aybəniz Əliyeva məruzəni təqdim edərək korrelyasiya anlayışına ilk dəfə XIX əsrin ortalarında ingilis statistikləri F.Qalton və K.Pirsonun tədqiqatlarında rast gəlindiyini dedi.

“Kompüter texnologiyasının inkişafı ilə müasir proqram məhsullarının yaranması nəticəsində reqressiya və korrelyasiya analizi iqtisadi hadisələr arasında asılılıqların və qarşılıqlı əlaqələrin tədqiqatı zamanı daha geniş tətbiq olunmağa başlamışdır”, – deyə bildirən məruzəçi korrelyasiya və reqressiya analizinin mahiyyətini izah etdi. Bildirdi ki, korrelyasiya dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və əlaqə sıxlığının qiymətləndirilməsini nəzərə tutur. Reqressiya analizi isə iki ya da daha çox dəyişən arasındakı asılılığın şəklinin müəyyən edilməsi üçün istifadə edilən analiz metodudur.

Məruzəçinin sözlərinə görə, ekonometrik modellərin qurulması və adekvatlığın yoxlanması riyazi statistikanın korrelyasiya və reqressiya analizi  ilə bilavasitə bağlıdır: “Korrelyasiya analizinin əsas məsələsi dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və onun əlaqə sıxlığının qiymətləndirilməsindən ibarətdir. Dəyişənlər arasında xətti asılılığın mövcud olub-olmadığını yoxlamaq üçün, ilk növbədə korrelyasiya əmsalını yoxlamaq lazımdır”.

A.Əliyeva qeyd etdi ki, reqressiya analizi model növünün seçilməsi, parametrlərinin hesablanması, modelin qurulması, onun uyğunluq və dəqiqliyinin qiymətləndirilməsi kimi mərhələlərdən ibarətdir. Modelin dəqiqlik səviyyəsi asılı dəyişənin faktiki qiymətlərinin reqressiya modelləri üzrə alınmış qiymətlərindən kənarlaşma dərəcəsini xarakterizə edir. Bildirdi ki, dəqiqlik səviyyəsinin qiymətləndirilməsi üçün orta nisbi xəta, orta mütləq xəta, standart xəta kimi qiymətləndirmələrdən istifadə olunur.

Məruzəçi ən kiçik kvadratlar üsulu və parametrlərin qiymətləndirilməsi, birdəyişənli  və çoxdəyişənli  reqressiya modellərinin qurulması, analizi, proqnoz modellərinin uyğunluq və dəqiqlik dərəcəsinin yoxlanmasını konkret nümunələr üzərində şərh etdi,  hesablamaların Excel-də düstur və statistik funksiyaların köməyilə həyata keçirildiyini vurğuladı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.