AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev Türkiyənin İstanbul şəhərində elmi-praktiki ezamiyyətdə olub. Səfər AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə "İKT-2" qrant layihəsi olan “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyələrinin işlənilməsi” çərçivəsində baş tutub.
Əsas məqsəd innovativ iqtisadiyyatın formalaşmasında Türkiyə Universitetlərinin təcrübəsini öyrənmək, xüsusən yeni iqtisadi mühitdə formalaşan elmi-texnoloji texnoparkların fəaliyyətləri ilə yaxından tanış omaq idi.
Səfər çərçivəsində İstanbul, İstanbul Texniki və Yıldız Texniki Universitetlərinin əsas fəaliyyət istiqamətləri ilə tanışlıq həyata keçirilib. Yıldız Texniki Universitetinin texnoparkının baş direktoru Dr. prof. Mahmut Karamanla keçirilən görüş zamanı tərəflər təmsil etdikləri qurumların strukturu, maliyələşmə mənbələri, elmi-tədqiqatların kommersiyalaşdırılması problemləri, yeni innovasiya texnologiyaları, İKT infrastrukturu, e-hökumət layihələri, startap firmalar, elmi inkubatorlar haqqında ətraflı məlumatlar veriblər.
Həmçinin Yıldız Texnoparkının inzibati işlər direktoru Erdem Yurtsevenin müşayiəti ilə texnopark və orada olan 200-dək müxtəlif profilli firmalarla tanışlıq həyata keçirilib.
Sonda hər iki qurumun nümayəndəsi gələcəkdə də əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyinə əminliklərini ifadə edərək birgə layihələr, konfrans və seminarlarda iştirakın vacibliyini vurğulayıblar.